Filemon Yanq: COP29 iqlim maliyyəsi üzrə öhdəliklərin gücləndirilməsi istiqamətində mühüm nəticələrə nail oldu
- 06 sentyabr, 2025
- 10:51

Azərbaycanın COP29 sədrliyi vaxtında və transformativ təşəbbüs kimi çıxış edərək ölkəni fosil yanacaq iqtisadiyyatları ilə iqlim baxımından həssas dövlətlər arasında körpü mövqeyinə gətirdi.
Bunu "Report"un ABŞ bürosuna müsahibəsində BMT Baş Assambleyasının 79-cu sessiyasının prezidenti Filemon Yanq bildirib.
Onun sözlərinə görə, regional adaptasiya çağırışlarını ön plana çəkməklə və ədalətli keçidi təşviq etməklə COP29 sədrliyi ədalət və həmrəylik mövzusunda qlobal dialoqu daha da dərinləşdirdi.
"Hesab edirəm ki, bu sammit iqlim maliyyəsi üzrə öhdəliklərin gücləndirilməsi, Paris Sazişi çərçivəsində karbon bazarı qaydalarının yekunlaşdırılması ilə inklüziv enerji keçidinə dair prinsipial yol xəritəsinin müəyyən olunması və İtki və Zərər Fondunun fəaliyyətə başlaması istiqamətində mühüm nəticələrə nail oldu.
Mənim fikrimcə, bu nailiyyətlər Baş Assambleyanın davamlı inkişaf, iqlim ədaləti və çoxtərəfli iqlim idarəçiliyi ilə bağlı qətnamələrində əks olunan daha geniş iqlim gündəliyini gücləndirdi. Bu ilin sonlarında Braziliyanın ev sahibliyi edəcəyi COP30-da atılacaq növbəti addımları səbirsizliklə gözləyirəm", - deyə Filemon Yanq vurğulayıb.
Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış ola bilərsiniz.