Fariz Rzayev 20-ci Bled Strateji Forumunda iştirak edib

Xarici siyasət
  • 04 sentyabr, 2025
  • 17:42
Fariz Rzayev 20-ci Bled Strateji Forumunda iştirak edib

Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev 20-ci Bled Strateji Forumunda iştirak məqsədilə Sloveniyada səfərdə olub.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, forum çərçivəsində nazir müavini dünyada hökm sürən cari beynəlxalq vəziyyətə həsr olunmuş panel müzakirələrində çıxış edib.

Çıxışda cari ildə avqustun 8-də baş tutmuş Vaşinqton sammiti zamanı əldə edilmiş tarixi razılaşmalardan, Azərbaycan-Ermənistan normallaşma prosesi və sülh gündəliyindən bəhs edib, regionda sabitliyin əhəmiyyəti vurğulanıb.

Çıxışda, həmçinin Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyinə verdiyi töhfə, ölkəmizin iştirakı ilə gerçəkləşən irimiqyaslı enerji və nəqliyyat layihələrinə diqqət çəkilərək, "Orta Dəhliz" kimi beynəlxalq nəqliyyat marşrutlarının yaradılmasında və fəaliyyətində Azərbaycanın oynadığı vacib rol barədə məlumat təqdim edilib.

Panel müzakirələri zamanı Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurlu ev sahibliyi və sədrliyi, COP29 çərçivəsində uzun müddət həllini gözləyən bir çox məsələ üzrə əldə edilmiş nailiyyətlərdən və qəbul edilmiş qərarlar barədə danışılıb.

Səfər çərçivəsində həmçinin bir sıra ikitərəfli işçi görüşlər keçirilib.