Mərakeş nümayəndəsi: Azərbaycanla münasibətlərin möhkəmləndirilməsində maraqlıyıq

Xarici siyasət
  • 09 oktyabr, 2025
  • 13:23
Mərakeş nümayəndəsi: Azərbaycanla münasibətlərin möhkəmləndirilməsində maraqlıyıq

Mərakeş Azərbaycanla münasibətlərin möhkəmləndirilməsində maraqlıdır.

Bunu "Report"a açıqlamasında Dünya Veteranları Federasiyasının prezidenti, Mərakeş Müqavimət Hərəkatı və Azadlıq Ordusunun Keçmiş Üzvləri üzrə Ali Komissarı Dr. Əl-Mustafa əl-Ktiri deyib.

Onun sözlərinə görə, hazırda Mərakeş və Azərbaycan arasında əlaqələr daha da inkişaf edir:

"Azərbaycanın o zamankı Prezidenti Heydər Əliyevin 1994-cü ildə Kasablankada keçirilən İslam Sammitində iştirakı ilə bu əlaqələr daha da möhkəmlənməyə başladı. Həmin səfərdən sonra Azərbaycan və Mərakeş arasında münasibətlər çox yüksək səviyyəyə çatıb. Heydər Əliyevin Mərakeşə səfəri iki ölkə arasında dostluq və əməkdaşlığın təməlini qoydu. Bu gün Mərakeş Kralı VI Məhəmməd dünyanın müxtəlif bölgələri ilə əlaqələrin inkişafına, xüsusilə də Azərbaycan kimi ortaq din və mədəni dəyərləri paylaşdığımız ölkələrlə münasibətlərin möhkəmləndirilməsinə xüsusi diqqət yetirir".

Ali Komissar bildirib ki, bu gün Azərbaycan və Mərakeş arasında iqtisadi, sosial, mədəni sahələrdə, eləcə də turizm maraqları çərçivəsində çoxsaylı qarşılıqlı mübadilələr həyata keçirilir:

"Ona görə də biz iki xalqın və ölkənin istəklərini, gələcəyə dair arzularını reallaşdırmaq üçün irəliyə doğru addımlamağa davam etməliyik. Məqsəd həm də dünyada sülhün, sabitliyin güclənməsinə töhfə verməkdir. Bu əməkdaşlıq təkcə iki ölkəni deyil, bütövlükdə Cənubi Qafqaz və Şimali Afrika regionlarını da əhatə edə bilər".

Dr. Əl-Mustafa əl-Ktiri oktyabrın 9-da Bakıda itkin düşmüş şəxslərə həsr olunmuş beynəlxalq konfransın da çox böyük əhəmiyyətə malik olduğunu vurğulayıb:

"Çünki bu gün dünyanın bir çox yerində müşahidə olunan humanitar problemləri gündəmə gətirir. Dünyada hazırda müxtəlif münaqişələr, dövlətlər arasında gərginliklər mövcuddur. Ona görə də beynəlxalq ictimaiyyət bu vəziyyət barədə həm məlumatlandırılmalı, həm də dialoq və müzakirə imkanına malik olmalıdır. Məncə, Bakıda keçirilən tədbirin əsas əhəmiyyəti də elə bundadır".

Son xəbərlər

Bütün Xəbər Lenti