Dövlət naziri: London və Bakının müdafiə sahəsində əməkdaşlıq üzrə iddialı planları var - MÜSAHİBƏ

Xarici siyasət
  • 05 dekabr, 2025
  • 13:28
Dövlət naziri: London və Bakının müdafiə sahəsində əməkdaşlıq üzrə iddialı planları var - MÜSAHİBƏ

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə məsələləri üzrə dövlət naziri Lord Vernon Koaker 2025-ci il dekabrın 4-də Azərbaycana rəsmi səfər edib. Səfər zamanı dövlət naziri Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlığın müzakirəsinə həsr olunmuş bir sıra görüşlər keçirib. Görüşlərdə müdafiə sahəsində əməkdaşlıq əsas müzakirə mövzusu olub.

Lord Koaker "Report"a eksklüziv müsahibəsində müdafiə sahəsində ikitərəfli münasibətlərin cari vəziyyətindən bəhs edib, ölkələr arasında qarşılıqlı əməkdaşlığın və etimadın yüksək səviyyədə olduğunu qeyd edib. O, əməkdaşlığın prioritet istiqamətlərini, o cümlədən hərbi qulluqçuların peşəkar hazırlığını, birgə təlim proqramlarını, təcrübə mübadiləsini və müdafiə sənayesinin inkişafını vurğulayıb.

- 2025-ci ilin oktyabrında Böyük Britaniyanın Azərbaycana silah tədarükünə tətbiq edilən embarqonu ləğv etmək qərarı fonunda ölkələrimiz arasında hərbi əməkdaşlığın mövcud səviyyəsini necə xarakterizə edərdiniz?

- Hazırda Böyük Britaniya ilə Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlıq möhkəm və dinamik şəkildə inkişaf edir. Əlaqələrimiz çox güclüdür və biz bir sıra istiqamətlər üzrə fəal şəkildə qarşılıqlı əlaqədəyik.

Xüsusilə də, azərbaycanlı hərbçilərin britaniyalı hərbçilərlə yanbayan təlim keçdiyi hərbi hazırlıq proqramı davam edir. Eyni zamanda, azərbaycanlı hərbçilərə ingilis dili üzrə hazırlıq təmin edirik. Bu əməkdaşlıq uğurla inkişaf edir. Bizim hərbçilərimizin bəziləri də (Azərbaycana - red.) gəlir və hazırlığa kömək edirlər.

Mən, həmçinin azərbaycanlı hərbçilərin hərbi hazırlıq kursunu bitirdiyi və diplomlarını aldığı məzuniyyət mərasimində iştirak etdim. Bu, çox gözəl və vacib (Səfər çərçivəsində dövlət nazirinin başçılıq etdiyi Britaniya nümayəndə heyəti gənc zabitlərin iştirakı ilə keçirilən "Təlimçi hazırlığı" kursunun növbəti buraxılışı münasibətilə təşkil edilmiş mərasimdə iştirak edib - red.) bir an idi.

Müsbət dinamikadan danışarkən qeyd edim ki, bu ilin martında Böyük Britaniyanın Azərbaycanda ilk daimi hərbi attaşesini (Gavin Tarbard - red.) təyin etdik. Hər iki ölkə 2025-ci ilin oktyabrında Londonda indiyədək ən iddialı ikitərəfli müdafiə əməkdaşlığı proqramını imzalayıb. Bu, münasibətlərimizin düzgün istiqamətdə inkişaf etdiyinin parlaq təsdiqidir.

Azərbaycana səfərim çərçivəsində Prezident İlham Əliyevlə görüşdüm. Görüş məhsuldar və müsbət keçdi. Biz müdafiə sahəsində qarşılıqlı əlaqələrin əsas istiqamətlərini müzakirə etdik. Bunlar daha əvvəl qeyd etdiyim yeni və geniş əməkdaşlıq proqramında tam əks olunub.

- Azərbaycana səfəriniz zamanı siz bir sıra ikitərəfli görüşlər keçirdiniz. London və Bakı arasında müdafiə sahəsində əməkdaşlıq üçün gələcək imkanları necə görürsünüz?

- Əməkdaşlığımızdakı müsbət dəyişiklikləri göstərən bir neçə həqiqətən vacib nümunə var. Hər şeydən əvvəl, artıq qeyd etdiyimiz məsələ Azərbaycana silah tədarükünə tətbiq edilən embarqonun ləğvidir. Bu, müdafiə sənayesi sahəsində qarşılıqlı əlaqə üçün imkanlar açır. Hazırda biz hansı istiqamətlərdə birlikdə işləyə biləcəyimizi, Azərbaycanın Britaniyaya hansı texnologiyaları və ya avadanlıqları tədarük edə biləcəyini, həmçinin ölkənizin ehtiyaclarına uyğun olaraq Britaniyanın Azərbaycana hansı müdafiə sistemlərini təklif edə biləcəyini müzakirə edə bilərik.

Görüşlərdə, həmçinin Xəzər dənizi ilə bağlı məsələləri, o cümlədən milli infrastrukturun əsas obyektlərinin qorunmasını müzakirə etdik. Dəniz imkanlarının inkişafı birgə əməkdaşlığımız üçün əlavə şərait yaradır.

Vacib məqam bir-birini dəstəkləyən və ümumi təhlükəsizliyə can atan ölkələrin bərabər tərəfdaşlığı, əməkdaşlığıdır. Biz belə qarşılıqlı əlaqəyə tam hazırıq və bunun hər iki ölkəyə, eləcə də ümumiyyətlə regiona (Cənubi Qafqaz - red.) fayda gətirəcəyini düşünürük.

- Strateji tərəfdaşlığa nail olmaq üçün bu gün hansı konkret addımlar atılır? Bu baxışı praktik və nəzərəçarpan əməkdaşlığa çevirmək üçün yüksək səviyyəli yeni təşəbbüslər, sazişlər və ya danışıqlar formatları müzakirə olunurmu?

- Düşünürəm ki, Prezident İlham Əliyevin və Britaniyanın Baş naziri Kir Starmerin ikitərəfli münasibətlərə verdikləri diqqət, mümkün qədər tez strateji tərəfdaşlıq formatına keçmək istəyimizi əks etdirir. Müdafiə sahəsi burada əsas rol oynayır və bu prosesin ayrılmaz hissəsidir. Məhz buna görə də biz peşəkar hazırlıq proqramlarının, təhsil təşəbbüslərinin və ingilis dili təliminin genişləndirilməsi imkanlarını nəzərdən keçiririk.

Biz həmçinin hər iki ölkənin qarşılaşdığı kibertəhlükələr barədə dialoq aparır və dəniz sahəsində əməkdaşlıq da daxil olmaqla, birlikdə hansı əlavə tədbirləri görə biləcəyimizi müzakirə edirik.

Bundan əlavə, Ermənistan və Azərbaycan arasında gözlənilən sülh sazişi də (imzalanma - red.) daxil olmaqla, əhəmiyyətli irəliləyişlər görürük. Bu, regionda sabitliyin möhkəmləndirilməsinə töhfə verən çox vacib bir addımdır.

Bütün bu fəaliyyətlər şübhəsiz ki, müsbətdir. Prezident İlham Əliyevi görülən işlərə görə təbrik etmək lazımdır. Azərbaycanla əməkdaşlığın gələcək inkişafına böyük maraqla baxırıq - ortaq çağırışlarımız və təhdidlərimiz var. Təkcə Azərbaycanın və Cənubi Qafqazın deyil, bütövlükdə regionun sabitliyi naminə birlikdə onlara qarşı duracağına əmin olmalıyıq. Biz bunu edəcəyik.

- Sizcə, Azərbaycan və Böyük Britaniya arasında inkişaf edən bu kimi əməkdaşlıq təkcə bizim regionda deyil, onun hüdudlarından kənarda da sülhün möhkəmlənməsinə töhfə verə bilərmi?

- Azərbaycan təkcə Cənubi Qafqazın deyil, daha geniş regionun üzləşdiyi çağırışların həllində əhəmiyyətli yardım və dəstək göstərmək qabiliyyətinə malik vacib bir ölkədir. Biz regional sabitliyin möhkəmlənməsi naminə Azərbaycanı bundan sonra da dəstəkləmək niyyətindəyik.

Son xəbərlər

Bütün Xəbər Lenti