Çin səfiri: Orta Dəhlizin roluna böyük əhəmiyyət veririk
- 08 sentyabr, 2025
- 16:38

Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM və ya Orta Dəhliz) roluna böyük əhəmiyyət verir.
"Report" xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Çinin Azərbaycandakı səfiri Lu Mey bildirib.
Rəsmi Bakı və Pekin arasında qarşılıqlı faydalı münasibətlərdən danışan səfir qeyd edib ki, Çin və Azərbaycan arasında "bir kəmər, bir yol"un birgə inşası səmərəli nəticələr verib.
"Azərbaycan Çinin "bir kəmər, bir yol" təşəbbüsünə qoşulan ilk dövlətlərdən biri olub. Çin TBNM-in regional əlaqələrin artırılmasında, regional iqtisadi inkişafın təşviqində və qlobal istehsal və təchizat zəncirinin sabitliyinin təmin edilməsində mühüm roluna böyük əhəmiyyət verir. Çin, həmçinin "bir kəmər, bir yol" təşəbbüsü ilə Orta Dəhliz arasında sürətləndirilmiş əlaqələndirməni fəal şəkildə təşviq edir", - Lu Mey bildirib.
O, həmçinin qeyd edib ki, 2025-ci ilin yeddi ayı ərzində Çindən Azərbaycana 225 blok-qatar qəbul edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 2 dəfə çoxdur:
"İlin sonuna qədər 400-dən çox blok-qatarın qəbul ediləcəyi gözlənilir. Sabah mən Çjetszyan şəhərindən Bakıya gələcək Çin-Avropa yük qatarının qəbul mərasimində iştirak edəcəyəm".