Dekolonizasiyaya həsr olunmuş beynəlxalq konfrans iştirakçıları birgə bəyanat səsləndiriblər - YENİLƏNİB

Xarici siyasət
  • 25 sentyabr, 2025
  • 22:00
Dekolonizasiyaya həsr olunmuş beynəlxalq konfrans iştirakçıları birgə bəyanat səsləndiriblər - YENİLƏNİB

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində təşkilatın Nyu-York şəhərində yerləşən mənzil-qərargahında "Bujival razılaşmasından sonra Dənizaşırı ərazilər: rekolonizasiya, yoxsa dekolonizasiya?" adlı beynəlxalq konfrans iştirakçıları yekunda birgə bəyanat səsləndiriblər.

"Report" xəbər verir ki, bəyanatda Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və Baş Assambleyanın 1960-cı il 14 dekabr tarixli 1514 (XV) saylı "Müstəmləkə ölkələrə və xalqlara müstəqilliyin verilməsi haqqında" qətnaməsinin bütün xalqların öz müqəddəratını təyinetmə hüququnu təsbit etdiyi və müstəmləkəçiliyin bütün təzahürlərinin dərhal və qeyd-şərtsiz aradan qaldırılmasının vacibliyi vurğulanıb.

Həmçinin bir ərazinin tam özünüidarəyə nail olub-olmadığını müəyyən edən prinsipləri əks etdirən 1541 (XV) saylı qətnamə və dövlətlər arasında dostluq münasibətləri və əməkdaşlıqla bağlı beynəlxalq hüquq prinsiplərini təsbit edən 2625 (XXV) saylı qətnamə bir daha xatırladılıb.

"Kanaki (Yeni Kaledoniya) 1986-cı ildən BMT tərəfindən özünü idarə etməyən ərazi kimi tanınıb və bununla da Fransa dekolonizasiya prosesini tamamlamaq üçün beynəlxalq öhdəlik götürüb. 1853-cü ildən etibarən xarici işğala qarşı davamlı müqavimət göstərmiş, fransız müstəmləkəçiliyi dövründə torpaqlarından məhrum edilmiş, ağır repressiyalara məruz qalmış Kanak xalqının mübarizəsinin qurbanlarını yad edirik.

1984-cü ildə müstəqillik qazanmaq üçün yaradılmış Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) həlledici mərhələdə olduğunu və BMT-nin dəfələrlə bu mübarizənin legitimliyini təsdiqlədiyini vurğulayırıq", - deyə bəyanatda bildirilir.

2025-ci ilin iyulunda imzalanmış Bujival razılaşması "sabitlik çərçivəsi" kimi təqdim edilsə də, əslində, öz müqəddəratını təyinetmə hüququnun açıq şəkildə pozulması, Fransanın hərbi, iqtisadi və strateji hökmranlığını davam etdirməyə hesablanmış siyasi rekolonizasiya aləti olduğu bildirilib.

"Biz, "Bujival razılaşmasından sonra Dənizaşırı ərazilər: Rekolonizasiya, yoxsa dekolonizasiya?" adlı beynəlxalq konfransın iştirakçıları olaraq, Bujival razılaşmasını qətiyyətlə qeyri-legitim hesab edirik. Onun BMT Nizamnaməsi və beynəlxalq hüququn prinsiplərinə zidd hesab edərək bəyan edirik ki, razılaşma əvvəlki öhdəlikləri pozur, asılılığı möhkəmləndirir və Kanak xalqının ayrılmaz hüququ olan müstəqilliyini boğmağa yönəlmiş məqsədyönlü şəkildə atılan addımdır. Biz Kanak xalqının öz siyasi statusunu azad şəkildə müəyyən etmək və xarici müdaxilə olmadan iqtisadi, sosial və mədəni inkişafını realizə etmək hüququnu bir daha təsdiq edirik.

Biz BMT-ni, Dekolonizasiya üzrə Xüsusi Komitəsini və bütün üzv dövlətləri Fransanın Kanakinin dekolonizasiya prosesinə mane olmasını qınamağa, Kanakinin tam və qeyd-şərtsiz müstəqilliyini təmin etmək üçün səyləri gücləndirməyə çağırırıq", - deyə qeyd olunub.

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində təşkilatın Nyu-York şəhərində yerləşən mənzil-qərargahında "Bujival razılaşmasından sonra Dənizaşırı ərazilər: rekolonizasiya, yoxsa dekolonizasiya?" adlı beynəlxalq konfrans keçirilir.

"Report" xəbər verir ki, konfransda Fransanın Dənizaşırı əraziləri - Kanaki (Yeni Kaledoniya), Qvadelup, Martinik, Reyunyon, Mahoi Nui (Fransız Polineziyası), Fransız Qvianası, eləcə də Niderlandın Boneyra, Aruba, Sen Martin kimi müstəmləkə ərazilərində fəaliyyət göstərən müstəqillik hərəkatlarının liderləri, dekolonizasiya üzrə beynəlxalq ekspertlər, həmçinin əsası Bakıda qoyulmuş Beynəlxalq Dekolonizasiya Cəbhəsinin nümayəndələri iştirak edirlər.

Konfransda Fransa tərəfindən "sabitlik və birgə gələcək" kimi təqdim edilən Bujival razılaşmasının əsl mahiyyəti müzakirə ediləcək, bu sazişin şərtləri Yeni Kaledoniyanı müstəqilliyə çatdırmalı olduğu Matinyon və Numea sazişləri ilə müqayisə ediləcək.

Tədbirdə Kanak xalqının nümayəndələri Bujival sazişini niyə rədd etdiklərini geniş ictimaiyyətə açıqlayacaqlar.

Konfransda, həmçinin Bujivaldan sonrakı dövrdə Kanaki (Yeni Kaledoniya) və digər Dənizaşırı ərazilərin gələcəyi, Fransa tərəfindən BMT qarşısında götürülmüş, lakin uzun illərdir icra edilməyən öhdəliklərin yerinə yetirilməməsinin beynəlxalq təşkilatların gündəliyində saxlanılması məsələləri, həqiqi dekolonizasiya prosesinə keçidin yolları və bu xüsusda birgə addımların atılması diqqət mərkəzində olacaq.

Konfransın sonunda birgə bəyanatın qəbul edilməsi gözlənilir.

Tədbirdən sonra koloniyaların təmsilçiləri tərəfindən BMT ofisinin qarşısında dinc etiraz aksiyası keçiriləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti