BBMM və İnsan Qardaşlığı Ali Komitəsi arasında Anlaşma Memorandumu imzalanıb

Xarici siyasət
  • 30 avqust, 2025
  • 12:07
BBMM və İnsan Qardaşlığı Ali Komitəsi arasında Anlaşma Memorandumu imzalanıb

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) ilə Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən İnsan Qardaşlığı Ali Komitəsi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bu barədə "Report"a Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən məlumat verilib.

Bildirilib ki, sənədin məqsədi tolerantlıq, qarşılıqlı hörmət və insan qardaşlığı prinsiplərinin təşviqi, tərəflər arasında əməkdaşlığın gücləndirilməsi, həmçinin regional və qlobal miqyasda birgə layihələrin həyata keçirilməsidir.

Memoranduma əsasən, tərəflər informasiya və nəşrlərin mübadiləsini aparacaq, gənclərin təşəbbüslərinin dəstəklənməsi, mədəniyyətlərarası mübadilə proqramlarının hazırlanması və potensialın artırılmasına dair təlimlərin təşkili istiqamətində əməkdaşlıq edəcəklər. Bundan başqa, birgə beynəlxalq konfranslar, seminarlar və maarifləndirici kampaniyalar keçirəcəklər.

İki il müddətinə imzalanan memorandum həmçinin BBMM akademik şəbəkəsi vasitəsilə insan qardaşlığına dair tədqiqatların təşviqini və nəticələrin monitorinq mexanizmlərinin hazırlanmasını nəzərdə tutur.

Tərəflər bəyan ediblər ki, sənəd xalqlar arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə, qarşılıqlı etimad və anlaşma mühitinin gücləndirilməsinə xidmət edəcək. Bu əməkdaşlıq həmçinin müxtəlif mədəniyyət və dinlər arasında dialoqun dərinləşməsinə, tolerantlıq ənənələrinin daha geniş yayılmasına, gənclərin sülh və birgəyaşayış dəyərlərinə bağlılığının artırılmasına mühüm töhfə verəcək. Qeyd olunub ki, sənədin icrası təkcə iki tərəf arasında deyil, həm də regional və qlobal miqyasda humanist prinsiplərin təşviqinə, multikultural dəyərlərin qorunmasına, sülh və sabitliyin möhkəmləndirilməsinə yeni imkanlar açacaq.