Banqladeşin şəhərsalma və ictimai işlər üzrə naziri gələn həftə Azərbaycana gələcək
- 08 oktyabr, 2025
- 15:40
Banqladeşin şəhərsalma və ictimai işlər üzrə müşaviri (nazir statusu- red) oktyabr 14-15-də Azərbaycana səfər edəcək.
Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında Banqladeş Xalq Respublikasının Azərbaycan üzrə qeyri-rezident səfiri (iqamətgahı Ankarada yerləşir) Amanul Haq bildirib.
Səfir deyib ki, qısa zaman ərzində iki ölkə arasında təqdirəlayiq əlaqələr formalaşıb:
"Son zamanlar Azərbaycan ilə Banqladeş arasında yüksəviyyəli qarşılıqlı səfərlər intensivləşib. Keçən həftə Banqladeşin nəqliyyat naziri Azərbaycana səfər etdi. Bu iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasının göstəricilərindən biridir".
Amanul Haq deyib ki, iki ölkə arasında əlaqələr Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Banqladeşə səfərindən sonra vüsət almağa başlayıb:
"Səfər zamanı Cənab Elnur Məmmədov Banqladeş Müvəqqəti hökumətinin Baş müşaviri (Baş nazir) Məhəmməd Yunus ilə görüşdü. Banqladeş xarici işlər naziri Touhid Hossain ilə ikitərəfli görüşü keçirilib. Səfər çərçivəsində iki ölkə arasında siyasi məsləhətləşmələr aparılıb və bundan sonra iki ölkənin xarici işlər nazirliyi arasında məsləhətləşmələr və əlaqələr həqiqətən də irəliləyir".