Banqladeş rəqəmsal platformaların artan təsiri fonunda medianı məsuliyyətli davranışa çağırıb
- 21 noyabr, 2025
- 11:59
Banqladeş rəqəmsal platformaların sürətli inkişafı və onların artan təsiri şəraitində media sahəsinin məsuliyyətli və etik davranışına ümid edir.
"Report"un məlumatına görə, bu barədə Banqladeş Xalq Respublikasının İnformasiya və Yayım Nazirliyinin əlavə katibi Nur Muhammed Mahbubul Haq Bakıda keçirilən "Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi" mövzusunda D-8 Media Forumunda bildirib.
"Banqladeş hökuməti media üzərində nəzarətin tərəfdarı deyil. Lakin media sahəsinin bütün iştirakçılarından - kontent yaradıcılarından və istifadəçilərdən tutmuş KİV-ə qədər etik və məsuliyyətli davranış gözləyir", - o qeyd edib.
N.Haqın sözlərinə görə, müasir rəqəmsal platformalar – "Facebook", "WhatsApp", "YouTube", "Instagram" və digərləri - ənənəvi mediadan daha böyük təsirə malikdir, çünki informasiyanı çox sürətlə yaya bilir və milli sərhədləri asanlıqla keçirlər.
O qeyd edib ki, sosial şəbəkələrin təsiri o qədər əhəmiyyətli ola bilər ki, siyasi proseslərə təsir göstərə bilər: Son illərdə Banqladeş da daxil olmaqla bir sıra ölkələrdə belə nümunələr müşahidə olunub. Ölkələr texnoloji təkamülə qarşı etinasızlıq göstərə bilməzlər. Ancaq onun imkanlarından konstruktiv şəkildə istifadə etməyi öyrənməlidirlər. Əsas tədbirlər dedikdə isə mən media savadlılığının inkişaf etdirilməsi, şübhəli kontenti aşkar etmək üçün texnologiyalardan istifadə və mütəxəssislərin daim dəyişən rəqəmsal mühitə uyğunlaşmasını diqqətə çatdırıram".