Azərbaycanın təşəbbüsü ilə Kiyevdə ağaclar əkilib
- 26 noyabr, 2025
- 15:36
Аzərbaycanda 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi çərçivəsində, o cümlədən, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Qələbənin 5 illiyi münasibətilə Kiyevdə ağacəkmə həyata keçirilib.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, ağacəkmə "SOCAR Energy Ukraine" MMC və Azərbaycanın Ukraynadakı Səfirliyinin təşəbbüsü və dəstəyi ilə Kiyev şəhərinin Obolon rayonundakı "Natalka" parkında həyata keçirilib.
Kampaniyada yerli ictimaiyyət və paytaxtda yaşayan azərbaycanlıların bir hissəsi ilə yanaşı, Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev, "SOCAR Energy Ukraine" MMC-nin rəhbəri Elçin Məmmədov, MMC və səfirliyin əməkdaşları, Kiyev şəhər rəhbərliyi, yerli deputatlar qatılıblar.
Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Fərid Babayev bildirib ki, son bir ildə təkcə Kiyevdə Azərbaycan tərəfindən 100-dən çox ağac əkilib.
Rəsmilər isə layihənin məqsədinin Ukrayna-Azərbaycan dostluq münasibətlərinin möhkəmləndirilməsi və Ukrayna paytaxtının ətraf mühitinin yaxşılaşdırılmasına töhfə vermək olduğunu diqqətə çatdırıblar. Qeyd edilib ki, ağacəkmə kampaniyası Azərbaycan və Ukrayna arasında dostluq və qarşılıqlı dəstəyin daha bir rəmzi, həmçinin paytaxtın "yaşıl" infrastrukturunun inkişafında mühüm addım olacaq.