Azərbaycanın ŞƏT-də statusuna mane olmaq təşkilatın maraqlarına ziddir - RƏY

Xarici siyasət
  • 02 sentyabr, 2025
  • 14:27
Azərbaycanın ŞƏT-də statusuna mane olmaq təşkilatın maraqlarına ziddir - RƏY

Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) statusuna mane olmaq qurumun maraqlarına ziddir.

Bunu "Report"a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) baş məsləhətçisi Mətin Məmmədli deyib.

O, Azərbaycanın bir ildən çoxdur ŞƏT-ə statusunun artırılması ilə bağlı müraciət etməsinə diqqət çəkib:

"Son illərdə Azərbaycanın ŞƏT-lə və ona daxil olan ölkələrlə, xüsusən də aparıcı üzvlərlə ayrı-ayrılıqda münasibəti müxtəlif sahələrdə xeyli inkişaf edib. Təbii olaraq Azərbaycan maraqlıdır ki, ŞƏT-lə münasibətləri dərinləşdirsin. Çünki o, dünyanın ən böyük regional təşkilatıdır və çox böyük resurslara, iqtisadi potensiala malikdir. Nəticə etibarilə belə bir təşkilatla əməkdaşlıq ilk növbədə ölkəmizin iqtisadi, ticari və siyasi, həmçinin siyasi maraqlarına cavab verir".

Azərbaycanın ŞƏT-də statusunu artırmasına mane olunması məsələsinə gəldikdə isə mütəxəssis vurğulayıb ki, buna qarşı olan əsas dövlət Hindistandır:

"Hindistan inadla Azərbaycanın statusunu artırmaqla bağlı müraciətinə veto qoymasının səbəbi Azərbaycan-Pakistan münasibətlərinin yüksək səviyyədə olması, hər iki tərəfin bir-birini vacib məsələlərdə dəstəkləməsidir. Bu, rəsmi Dehlini narahat edir, ona görə də Hindistan Azərbaycana qarşı qərəzli addımlar atır".

M.Məmmədli hesab edir ki, Hindistanın bu addımları təşkilatın maraqları baxımından da doğru deyil:

"ŞƏT Azərbaycan üçün vacib olduğu qədər, Azərbaycan da təşkilat və onun aparıcı üzvlər üçün böyük əhəmiyyət daşıyır. Ölkəmizin coğrafi mövqeyi, logistik imkanları, resursları ŞƏT üçün böyük önəmə sahibdir.  Azərbaycan kimi əhəmiyyətli bir ölkənin təşkilatda statusunu artırmasına və gələcəkdə təşkilata üzv olmasına mane olmaq həm də ŞƏT-in maraqlarına ziddir. Ayrı-ayrı dövlətlərin dar, merkantil maraqlardan çıxış edərək belə qərarlar verməsi təşkilat daxilində münasibətə də mənfi təsir göstərəcək".

Xatırladaq ki, sentyabrın 1-də Çinin Tiencin şəhərində keçirilən ŞƏT sammiti çərçivəsində Hindistan yenidən Azərbaycana təşkilat daxilində müşahidə ölkə statusu almasına qarşı çıxıb. Azərbaycan Prezidenti İlham Əliyev isə Tiencində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşü zamanı Azərbaycanın Pakistana göstərdiyi dəstəyə cavab olaraq Hindistanın beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışdığını bildirib. Dövlət başçısı qeyd edib ki, Hindistanın qisasa çalışması Azərbaycan üçün heç bir əhəmiyyət daşımır.