Azərbaycan və Türkiyənin Çində sammitdə iştirakı Zəngəzura açılan qapıdır - RƏY

Xarici siyasət
  • 03 sentyabr, 2025
  • 14:47
Azərbaycan və Türkiyənin Çində sammitdə iştirakı Zəngəzura açılan qapıdır - RƏY

Azərbaycan, Türkiyə və Ermənistanın Çində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirakı Zəngəzura açılan qapıdır.

Bunu "Report"un Türkiyə bürosuna Yıldız Teknik Universitetinin müəllimi, iqtisadçı professor Cemal Zehir bildirib.

O hesab edir ki, ŞƏT-ə üzv ölkələrin dövlət və hökumət başçılarının 25-ci Zirvə görüşündən sonra Zəngəzur dəhlizinin qısa zamanda gerçəkləşməsi  gözlənilir:

"Zəngəzur dəhlizi faktiki real layihəyə çevrilib. ABŞ-nin dəstəklədiyi sülh sazişi, Türkiyə-Azərbaycan birgə infrastruktur təşəbbüsləri, Ermənistanın nəzarətə önəm verməsi regional geosiyasəti formalaşdırır. Bu baxımdan Prezident İlham Əliyevin həm ABŞ-də, həm də Çində açıqlamaları gündəmə damğasını vurub".

İqtisadçının fikrincə, Azərbaycan Çinin "Bir kəmər, bir yol" təşəbbüsünü dəstəkləməklə, bu layihənin əsas hissəsi olan Zəngəzur dəhlizi layihəsini dəstəkləmiş olur:

"Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-Cənub, Şərq-Qərb dəhlizinin növbəti strateji seqmentinə çevriləcək. Bu da sülhü, çoxtərəfli əməkdaşlığı möhkəmləndirməklə yanaşı, regiona mühüm töhfələr verəcək. Türkiyə, Azərbaycan və hətta Ermənistan üçün maliyyə rıçaqları yaranacaq. Region ölkələrinin ticarət və logistika üstünlükləri təmin olunacaq və bu da hər üç ölkəyə, eləcə də şərq-qərb ticarətinə iqtisadi fayda qatacaq. Region ölkələri arasında kommersiya, siyasi etimad yaratmaqla Cənubi Qafqaz, Asiya, Türkiyə və qərb bölgəsində yeni enerji xətlərinin istifadəyə verilməsinə şərait yaranacaq".