Azərbaycan və Seneqal rəqəmsal inkişaf sahəsində əməkdaşlığı gücləndirir

Xarici siyasət
  • 27 noyabr, 2025
  • 15:41
Azərbaycan və Seneqal rəqəmsal inkişaf sahəsində əməkdaşlığı gücləndirir

Azərbaycan və Seneqal arasında rəqəmsal əməkdaşlığın gücləndirilməsi müzakirə edilib.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bu müzakirələr Seneqalın rabitə, telekommunikasiya və rəqəmsal texnologiyalar naziri Aliun Sall WTDC-25 konfransı çərçivəsində Azərbaycanın İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (IAAD) prezidenti Fərid Osmanovla görüşündə aparılıb.

Görüş zamanı IAAD Azərbaycanın rəqəmsal inkişaf sahəsində əldə etdiyi əsas nailiyyətləri (2 milyona yaxın vətəndaşın istifadə etdiyi MyGov, süni intellekt, kibertəhlükəsizlik və rəqəmsal identifikasiya kimi istiqamətləri əhatə edən hərtərəfli rəqəmsal strategiya) təqdim edib.

Dövlət platformalarını özəl sektor, o cümlədən banklar və maliyyə təşkilatları ilə birləşdirən "Rəqəmsal körpü" təşəbbüsünə xüsusi diqqət ayrılıb.

Nazir A. Sall isə öz növbəsində, dövlət idarəçiliyinin rəqəmsal transformasiyasına yönəlmiş "Yeni texnoloji kurs" proqramı çərçivəsində Seneqalın strategiyasını təqdim edib. Onun əsasını rəqəmsal identifikasiya sistemlərinin inkişafı, "bir pəncərə" platformalarının tətbiqi, PKI (Public Key Infrastructure) infrastrukturunun gücləndirilməsi və rəqəmsal həllərin uyğunluğunun təmin edilməsi təşkil edir. Proqramda həmçinin rəqəmsal xidmətlərin genişləndirilməsi, telekommunikasiya infrastrukturunun inkişafı, rəqəmsal iqtisadiyyatın dəstəklənməsi, təhsil və inklüziv təşəbbüslərin həyata keçirilməsinə diqqət yetirilir.

Tərəflər əməkdaşlığın dərinləşdirilməsinə, eləcə də dövlət idarəçiliyinin rəqəmsallaşdırılması, süni intellekt və kibertəhlükəsizlik sahəsində təcrübə mübadiləsinin aparılmasına və strukturlaşdırılmış tərəfdaşlıq mexanizmlərinin inkişaf etdirilməsinə hazır olduqlarını bildiriblər. Görüşün sonunda birgə layihə və təşəbbüslərə dəstək məqsədilə tərəfdaşlıq çərçivələrinin rəsmiləşdirilməsi qərara alınıb.

Son xəbərlər

Bütün Xəbər Lenti