Azərbaycan Ukraynaya generatorlar və xilasetmə avadanlığı verib
- 10 fevral, 2026
- 20:49
Azərbaycan Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə generatorlar və digər zəruri avadanlıqlar verib.
"Report" xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfirliyi "Facebook" sosial şəbəkəsində məlumat yayıb.
Təhvilvermə Fövqəladə Hallar Xidmətinin rəhbəri Andrey Danikin və Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusevin iştirakı ilə həyata keçirilib.
"Biz Azərbaycandan olan qayğıkeş insanlardan və təşkilatlardan gələn, Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın "Ukrayna üçün istilik" qlobal aksiyası çərçivəsində təqdim edilmiş və bu çətin dövrlərdə Ukrayna ilə həmrəyliyin növbəti mühüm təzahürü olan bu yardıma görə çox minnətdarıq", - deyə diplomat vurğulayıb.
Andrey Danik həmçinin genişmiqyaslı müharibənin çətin dövründə Ukraynaya göstərilən dəstəyə və yardıma görə Azərbaycan xalqına və hökumətinə səmimi təşəkkürünü bildirib.
"Bu vaxtında və zəruri olan yardıma görə səmimi qəlbdən təşəkkür edirik! Təqdim edilmiş avadanlıq xilasedicilərimizin gündəlik işi üçün son dərəcə mühüm əhəmiyyət kəsb edir və vətəndaşların həyatını, eləcə də təhlükəsizliyini daha səmərəli şəkildə qorumağa kömək edəcək", - deyə xidmət rəhbəri qeyd edib.
Tərəflər həmçinin mülki müdafiə və fövqəladə hallara reaksiya verilməsi sahəsində Ukrayna və Azərbaycanın gələcək əməkdaşlığının mümkün istiqamətlərini müzakirə ediblər.