Azərbaycan səfiri: İqtisadi istiqamət 2026-cı ildə Bakı-Astana əməkdaşlığında prioritetdir - MÜSAHİBƏ
- 29 dekabr, 2025
- 12:31
2025-ci ildə Azərbaycan və Qazaxıstan Strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanmasının 20 illiyini qeyd edib. Bu ilin payızında Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana dövlət səfəri edib. Bu səfər çərçivəsində tərəflər iqtisadiyyat, nəqliyyat, energetika və digər sahələrdə əməkdaşlığın inkişafına yönəlmiş 15 sənəd imzalayıblar. İki ölkə bu gün həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə fəal əməkdaşlıq edir.
Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov "Report"un Qazaxıstan bürosuna müsahibəsində hər iki ölkə arasında 2025-ci ildə strateji tərəfdaşlığın inkişafı, 2026-cı il üçün prioritetlər, iqtisadiyyat, energetika, nəqliyyat və digər istiqamətlərdə əməkdaşlığın perspektivləri və planları barədə danışıb.
- Cənab səfir, 2025-ci ili Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafı kontekstində necə qiymətləndirirsiniz?
- 2025-ci il Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da möhkəmlənməsi ilə əlamətdar oldu. Bu il biz münasibətlərimizin tarixində mühüm mərhələ olan Strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanmasının 20 illiyini qeyd etdik. Demək olar ki, bütün inkişaf sahələrini əhatə edən möhkəm və hərtərəfli tərəfdaşlıq qurulub. İki ölkə arasında 189-dan çox sənəddən ibarət geniş hüquqi baza yaradılıb.
2025-ci ildə Azərbaycan və Qazaxıstan liderləri yüksək səviyyəli dialoqu fəal şəkildə davam etdiriblər. İl ərzində dövlət başçıları qarşılıqlı səfərlər həyata keçiriblər. Həmçinin, beynəlxalq tədbirlər və regional formatlar çərçivəsində də görüşlər olub. 2025-ci il oktyabrın 6-7-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak edib. Sammitdə nəqliyyat və logistika dəhlizlərinin modernləşdirilməsinə, energetika və rəqəmsal sektorlarda əməkdaşlığın inkişafına, habelə Türkdilli ölkələrin beynəlxalq arenada səylərinin əlaqələndirilməsi kimi məsələlərə xüsusi diqqət ayrılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin 20-21 oktyabr tarixlərində Qazaxıstan Respublikasına dövlət səfəri ikitərəfli münasibətlər tarixində mühüm hadisə olub. Səfər çərçivəsində Ali Dövlətlərarası Şuranın 2-ci iclası keçirilib, mühüm qərarlar qəbul edilib, Strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanmasının 20 illiyi münasibətilə dövlət başçılarının Birgə Bəyanatı imzalanıb, həmçinin digər sənədlərin mübadiləsi həyata keçirilib.
İl ərzində Ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 21-ci iclası, biznes forum və digər tədbirlər, dövlət qurumları səviyyəsində çoxsaylı qarşılıqlı səfərlər və əlaqələr də əməkdaşlığın inkişafına töhfə verib.
Qeyd etmək lazımdır ki, münasibətlər yalnız ikitərəfli əlaqələrlə məhdudlaşmayıb. Əməkdaşlıq BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və digər beynəlxalq formatlar çərçivəsində də inkişaf edib. Bildiyiniz kimi, Azərbaycan hazırda təhlükəsizlik, iqtisadiyyat, mədəni mübadilələr kimi mühüm məsələlərin həlli üçün unikal platforma olan AQEM-də uğurla sədrlik edir. Ölkəmiz tamformatlı əməkdaşlığın daha da inkişafı üçün bir sıra təşəbbüslər irəli sürüb. 2026-cı ilin payızında Azərbaycanın sədrliyi ilə AQEM Sammitinin keçirilməsi planlaşdırılır.
Beləliklə, 2025-ci il siyasi, iqtisadi-ticarət, nəqliyyat-logistika, energetika, mədəni-humanitar və turizm sahələrində əməkdaşlığın genişlənməsi ilə xarakterizə olunub. 2025-ci ildə mədəniyyət və media sahəsində münasibətlər də fəal inkişaf edib: birgə layihələr həyata keçirilib, KİV-lər arasında əməkdaşlıq güclənib, KİV nümayəndələrimizin səfərləri təcrübə mübadiləsinin aparılması və həyata keçirilən fəaliyyətlə qarşılıqlı tanışlıq üçün yeni imkanlar yaradıb. Mənim üçün məhz bu istiqamətlərin ardıcıl inkişafını görmək xüsusilə vacib və sevindiricidir. Göründüyü kimi, bu gün Azərbaycan və Qazaxıstan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə və gələcəyə baxışa əsaslanan qardaşlıq, strateji tərəfdaşlıq və müttəfiqliyin parlaq nümunəsidir.
- 2025-ci ildə qarşıya qoyulmuş hansı hədəflərə nail olunub?
- Artıq qeyd etdiyim kimi, münasibətlər çox dinamik inkişaf edib və yeni məzmunla zənginləşib. Xalqlarımızın dostluğu və qarşılıqlı dəstəyi, ən yüksək səviyyədə və intensiv həyata keçirilən siyasi dialoq və hökumətlərin işi sayəsində çoxtərəfli Qazaxıstan-Azərbaycan əməkdaşlığı yüksələn xətt üzrə inkişaf edib və yeni məzmunla zənginləşib.
Bu il tərəflər iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinə xüsusi diqqət yetiriblər. Əldə edilmiş razılaşmalara əsasən, yaxın gələcəkdə ikitərəfli ticarət dövriyyəsinin iki dəfə artırılaraq 1 milyard dollara çatdırılması planlaşdırılır. Kənd təsərrüfatı, energetika, emal sənayesi, tikinti və rəqəmsallaşma sahələrində böyük imkanlar meydana çıxıb. Hər iki tərəf birgə müəssisələrin yaradılmasında maraqlı olduğunu bildirib və bu istiqamətdə əhəmiyyətli irəliləyiş əldə edilib.
İnfrastruktur obyektləri inşa edilir, gəmiqayırma sahəsində birgə layihələr hazırlanır. Həmçinin, müqavilə-hüquqi baza genişlənib, nəqliyyat, energetika, informasiya və kommunikasiya texnologiyaları sahəsində regional layihələrin həyata keçirilməsi uğurla davam edib. Ali Dövlətlərarası Şura, Birgə Hökumətlərarası Komissiya, Birgə İnvestisiya Fondu, İşgüzar Şura, "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyası kimi əməkdaşlıq mexanizmləri çərçivəsində əməli addımlar atılıb. Bütün bu sadalananlar, o cümlədən bir çox beynəlxalq məsələlərlə bağlı vahid mövqeyin mövcudluğu, regionda iqtisadi maraqların üst-üstə düşməsi və ən əsası, dövlət başçılarının siyasi iradəsi, demək olar ki, qarşıya qoyulmuş bütün vəzifələri yerinə yetirməyə imkan verib.
- 2026-cı ildə Azərbaycan-Qazaxıstan əməkdaşlığının inkişafında əsas prioritetlər və hədəflər nələrdən ibarətdir, ölkələrimiz arasında tərəfdaşlığın hansı sahələrdə daha da güclənməsi mümkündür?
- Əlbəttə ki, iqtisadi istiqamət əməkdaşlığımızda prioritet təşkil edəcək. Hesab edirəm ki, qarşılıqlı ticarət və investisiyalar, birgə sənaye istehsalının təşkili, multimodal nəqliyyat əlaqələrinin genişləndirilməsi, energetika, turizm və kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişafına mühüm yer ayrılmalıdır. Son zamanlarda həyata keçirilmiş yüksək səviyyəli görüşlər göstərdi ki, qarşıdakı illərdə Azərbaycan-Qazaxıstan əməkdaşlığı informasiya-kommunikasiya texnologiyaları, innovasiyalar, rəqəmsal kommunikasiyalar, bərpa olunan enerji mənbələri və "yaşıl enerji"yə keçid, ətraf mühitin qorunması və s. sahələrdə yeni mərhələyə qədəm qoyacaq.
Avropa ilə Asiya arasında etibarlı rəqəmsal telekommunikasiya dəhlizinin yaradılmasını nəzərdə tutan "Rəqəmsal İpək Yolu" layihəsi çərçivəsində 2026-cı ilin sonuna qədər Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilişi başa çatdırılacaq. Bununla əlaqədar regional layihələrin həyata keçirilməsinin sürətləndirilməsini, yeni layihə və təşəbbüslərin irəli sürülməsi imkanlarının nəzərdən keçirilməsini zəruri hesab edirəm.
Birgə Azərbaycan-Qazaxıstan İnvestisiya Fondu gələcəkdə əməkdaşlığın inkişafına ciddi təkan verəcək ki, bu da qarşılıqlı faydalı investisiya layihələri həyata keçirməyimizə şərait yaradacaq. Fikrimcə, 2026-cı ildə Azərbaycan-Qazaxıstan əməkdaşlığının əsas prioritetlərindən biri xalqlarımız arasında münasibətlərin inkişafı olmalıdır. Məhz möhkəm humanitar əlaqələr istənilən tərəfdaşlıq - iqtisadi, siyasi və ya mədəni əlaqələr üçün etibarlı təməl yaradır. Mədəniyyət, təhsil, elm və gənclər mübadiləsi sahələrində əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bundan əlavə, siyasi sahədə əməkdaşlığa, regionda və dünyada baş verən proseslər barədə məsləhətləşmələrə və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək ənənəsinin davam etdirilməsinə ciddi diqqət yetirilməlidir. Dövlət orqanları və işgüzar dairələrin davamlı qarşılıqlı fəaliyyəti, eləcə də hər iki ölkənin ərazisində keçirilən beynəlxalq tədbirlərdə qarşılıqlı iştirak gündəliyin mühüm hissəsi olmalıdır.
- 2026-cı ildə Azərbaycan və Qazaxıstan aviareyslərin sayını artırmağı və regionlara uçuş coğrafiyasını genişləndirməyi planlaşdırırmı?
- Sevindirici haldır ki, vətəndaşlarımızın qarşılıqlı səfərləri intensivləşib. Biz Qazaxıstandan olan turistlərin ölkəmizə artan marağını görürük, turistlərin sayında hər il nəzərəçarpan artım müşahidə olunur. 2024-cü ildə Azərbaycana səfər edən Qazaxıstan vətəndaşlarının sayı təxminən 90 min nəfər təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 49 % çoxdur. 2025-ci ilin 8 ayı ərzində isə Qazaxıstandan Azərbaycana 70 minə yaxın vətəndaş səfər edib. Turist axınının artımı əsasən AZAL, "Air Astana", "FlyArystan" aviaşirkətlərinin Bakı-Astana, Bakı-Almatı və Bakı-Aktau marşrutları üzrə birbaşa aviareysləri hesabına təmin edilir.
Gələcəkdə milli aviadaşıyıcılar tərəfindən Atırau-Bakı, Şımkent-Bakı istiqamətləri üzrə birbaşa reyslərin açılması imkanları nəzərdən keçirilir. Həmçinin, Aktobeyə son səfərim zamanı vilayətin akimi ilə Aktobe-Bakı reysinin açılmasını müzakirə etdik. Bu istiqamətdə fəal işləyirik. Birbaşa aviareyslərin sayının artırılması sayəsində "people-to-people contacts" güclənəcək: mədəni və təhsil mübadiləsi, turizm və şəxsi əlaqələr genişlənəcək ki, bu da xalqlarımız arasında yaxınlaşmaya və qarşılıqlı anlaşmaya töhfə verəcək.
- Azərbaycan və Qazaxıstan qarşılıqlı ticarət dövriyyəsini ildə 1 milyard dollara çatdırmağı hədəfləyir. Tərəflər bu məqsədə çatmaq üçün hansı addımlar atmağı planlaşdırır?
- Yuxarıda qeyd etdiyim kimi, son illərdə qarşılıqlı ticarət dövriyyəsinin göstəricilərində əhəmiyyətli artım müşahidə olunur. 2024-cü ildə qarşılıqlı ticarətin həcmi 500 milyon dolları ötüb. 2025-ci ilin yanvar-sentyabr aylarında isə bu rəqəm 568 milyon dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8 dəfə çoxdur. Göründüyü kimi, ticarət artım nümayiş etdirir. Bu, heç də son hədd deyil, onun daha da artırılması üçün böyük potensial var. Bu istiqamətdə müəyyən işlər görülür.
Ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya uğurla fəaliyyət göstərir. Oktyabrın 13-14-də Bakıda komissiyanın növbəti iclası keçirilib. Görüşün yekunları üzrə əldə edilmiş mühüm razılaşmalar hazırda mərhələli şəkildə həyata keçirilir. Azərbaycan-Qazaxıstan biznes forumu çərçivəsində aparılan işlər də uğurla davam edir. Belə biznes forum sonuncu dəfə 2025-ci il oktyabrın 21-də Astanada keçirilib. Tədbir çərçivəsində Azərbaycan və Qazaxıstanın dövlət qurumları və şirkətləri arasında rəqəmsallaşma, su ehtiyatlarının idarə edilməsi, sənaye istehsalı, qarşılıqlı investisiyaların təşviqi, şəhər infrastrukturunun inkişafı, ticarət, səhiyyə və təhsil sahələrini əhatə edən sənədlər imzalanıb. Həmçinin, "B2B" və "B2C" formatlarında görüşlər keçirilib.
- Tərəflərin energetika sahəsində əməkdaşlığın inkişafı ilə bağlı hansı planları var?
- Enerjinin ənənəvi ixracatçıları olan Azərbaycan və Qazaxıstan bu sahədə də uğurlu əməkdaşlıq qurublar. Bu gün tərəflər arasında daha sıx əməkdaşlıq, o cümlədən birgə layihələrdə fəal iştirak tendensiyası müşahidə olunur. Əldə edilmiş razılaşmalara əsasən, Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranzit həcminin mərhələli şəkildə artırılması nəzərdə tutulur. Bunun üçün hər iki tərəf müəyyən işlər həyata keçirir – beynəlxalq standartlara uyğun olaraq infrastruktur imkanları genişləndirilir, yeni gəmilər, tankerlər və s. alınır.
Mərkəzi Asiyadan Xəzər dənizi vasitəsilə Avropa bazarlarına elektrik enerjisinin ixracı əməkdaşlıq gündəliyində mühüm yer tutur. Bu məqsədlə COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri "yaşıl enerji"nin istehsalı və ötürülməsi sahəsində Strateji Tərəfdaşlıq haqqında saziş imzalayıblar. Layihə Avropa bazarlarına ekoloji cəhətdən təmiz enerjinin tədarükü üçün etibarlı dəhliz yaradacaq.
- Azərbaycan və Qazaxıstan Orta Dəhlizin iştirakçılarıdır. Bakı və Astana 2026-cı ildə ikitərəfli yük axınının və xüsusən də Çindən tranzit yükləri həcminin artırılması istiqamətində hansı addımları atmağı planlaşdırır?
- Bu gün yeni nəqliyyat marşrutlarının açılması və daha geniş Avrasiya regionu ilə bağlı layihələrin həyata keçirilməsi nəticəsində Cənubi Qafqaz və Mərkəzi Asiya bir-biri ilə daha çox əlaqəli olur və bir çox hallarda vahid coğrafi məkanda birləşir. Azərbaycan və Qazaxıstanın mühüm transkontinental nəqliyyat-kommunikasiya dəhlizlərindəki əlverişli mövqeyi sayəsində biz nəqliyyat sahəsində əməkdaşlığı genişləndiririk.
Son illərdə ölkələrimizdə Orta Dəhlizin inkişafı üçün çox işlər görülüb, müasir dəniz limanları, dəmir yolları, avtomobil yolları, hava limanları və digər zəruri infrastruktur qurulub. Azərbaycanın mövcud müasir nəqliyyat-logistika infrastrukturu Orta Dəhlizin tam fəaliyyət göstərməsinə imkan verir. Bu istiqamətdə işlər davam edir, məsələn, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının buraxılış qabiliyyəti tədricən artırılır. Bu il 100 mininci konteynerin qəbulu və aşırılması limanın yüksələn xətt üzrə inkişafından və xüsusilə dəmir yolu nəqliyyatı ilə yükaşırmaların gələcəkdə daha böyük həcmdə həyata keçiriləcəyindən xəbər verir.
Bu gün Orta Dəhliz öz potensialını tam şəkildə açır, yükdaşımaların həcmi tədricən artır. 2024-cü ildə Orta Dəhlizlə yükdaşımaların həcmi 62 % artaraq 4,5 milyon tona çatıb. 2025-ci ilin ilk 7 ayında isə bu dəhliz vasitəsilə 2,6 milyon ton yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 % çoxdur. 2027-ci ilə qədər bu göstəricinin 10 milyon tona çatacağı gözlənilir. Konteyner trafikinin artması xüsusilə nəzərə çarpır: onun həcmi təxminən iki dəfə artaraq 40 200 TEU təşkil edib. Konteyner daşımalarını artırmaq üçün Qazaxıstan 2027-ci ilə qədər Azərbaycandan hər biri 700 konteyner tutumlu 2 gəmi almaq niyyətində olduğunu bildirib. Orta Dəhliz, Zəngəzur dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu və dəniz limanları iki dövlət arasında inteqrasiyanın infrastruktur təməlini təşkil edir və qarşılıqlı ticarətin səmərəliliyini artırır. Münasibətlərimizdə bu sahənin əhəmiyyətini nəzərə alaraq onu diqqət mərkəzində saxlamağa çalışırıq.
Keçən il mən Aktau və Kurık dəniz limanlarına, may ayında isə "Xorqos" Sərhədyanı Əməkdaşlıq üzrə Beynəlxalq Mərkəzə baş çəkdim, Orta Dəhlizin bu mühüm nəqliyyat qovşaqlarının işi və nəqliyyat-logistika imkanlarının artırılması planları ilə yerində tanış oldum. Bu yaxınlarda strateji cəhətdən əhəmiyyətli mövqedə, demək olar ki, Avrasiya qitəsinin əsas nəqliyyat arteriyalarının kəsişməsində yerləşən Aktobe şəhərində işgüzar səfərdə oldum. Səfər çərçivəsində regionun iqtisadi, investisiya, turizm potensialı ilə tanış olmaq, bir neçə sənaye müəssisəsinə baş çəkmək imkanım oldu. Azərbaycanın Aktobe rels zavodundan böyük rels partiyası sifariş etməsi və onların əsas hissəsinin artıq ölkəmizə göndərilməsi məni yaxşı mənada təəccübləndirdi.
Fürsətdən istifadə edərək, Qazaxıstanın inkişafı barədə bir neçə söz demək istərdim. 4 ildən çoxdur, davam edən diplomatik missiyam ərzində Prezident Kasım-Jomart Kemeleviç Tokayevin müdrik rəhbərliyi altında Qazaxıstanda baş verən müsbət dəyişikliklərin və inkişafın şahidi olmuşam. Prezidentin müasir texnologiyaların, o cümlədən süni intellektin inkişafı sahəsində apardığı islahatlar göstərir ki, ölkə son illərdə inkişaf və modernləşmə yolunda inamla irəliləyir. Qazaxıstanın beynəlxalq nüfuzu da möhkəmlənir. Bu gün Qazaxıstan bütün dünyada etibarlı tərəfdaş, öz milli maraqları çərçivəsində müstəqil siyasət yürüdən və öz yolu ilə irəliləyən dövlətdir.