Azərbaycan dövlət başçılarının sammitinin keçirildiyi WUF-a ev sahibliyi edən ilk ölkə olacaq
- 17 noyabr, 2025
- 11:25
Azərbaycan, dövlət və hökumət başçıları səviyyəsində sammitin ilk dəfə keçiriləcəyi Ümumdünya Şəhərsalma Forumuna (WUF) ev sahibliyi edəcək ilk ölkə olacaq.
"Report"un məlumatına görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13-ün milli koordinatoru Anar Quliyev tədbirlə bağlı Bakıda diplomatik korpus üçün keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, Azərbaycan 2026-cı ilin may ayında keçiriləcək WUF13 çərçivəsində bir sıra yeniliklər irəli sürür: "İlk növbədə, bu, liderlərin sammitidir. İlk dəfə olaraq WUF13-də şəhərlərimizin gələcəyini müzakirə etmək üçün dövlət və hökumət başçılarının görüşü keçiriləcək. Bu tarixi addım Azərbaycanın qlobal prioritetlərin formalaşmasında fəal rol oynamaq əzmini vurğulayır".
Komitə sədri əlavə edib ki, ikinci əsas yenilik nazirlər sessiyasının yenilənmiş formatı olacaq. Onun sözlərinə görə, COP29-un təşkilindəki uğurlu təcrübəyə əsaslanaraq, nazirlərin iclası maksimum dərəcədə interaktiv, praktik və konkret nəticələrə yönələcək.
"Yeni format nazirlərə, ekspertlərə və təcrübəçilərə birbaşa təcrübə mübadiləsi aparmağa, siyasi dialoqu gücləndirməyə və həllərin tətbiqini sürətləndirməyə imkan verəcək. Bu, ölkələrin şəhər inkişafı və mənzil siyasəti sahəsindəki prioritetləri səmərəli şəkildə həyata keçirməsinə kömək edəcək, eləcə də konkret nəticələrin əldə edilməsini təmin edəcək", - A.Quliyev vurğulayıb.