Ankarada 27 Sentyabr - Anım Günü qeyd olunub
- 25 sentyabr, 2025
- 20:00

Bu gün Azərbaycanın Türkiyədəki səfirliyi 27 Sentyabr - Anım Günü ilə əlaqədar Ankara şəhərində mərasim təşkil edib.
"Report"un Türkiyə bürosu xəbər verir ki, "Qarabağ Azərbaycandır!" şüarı ilə keçirilən tədbir səfirliyin nəzdində yerləşən Şuşa Konqres Mərkəzində baş tutub.
Mərasimdə Vətən torpaqlarının bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərdən, Azərbaycanın dövlət müstəqilliyi və bütövlüyü yolunda aparılan milli-azadlıq mübarizəsindən bəhs edən film nümayiş olunub. Eləcə də Türkiyə Müdafiə Nazirliyinin hazırladığı videoklip göstərilib.
Tədbirdə torpaqların bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi ehtiramla yad edilib, Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Türkiyənin Din İşləri Ali Şurasının mütəxəssisi Zafer Koç şəhidlərin ruhuna dualar oxuyub.
Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV) İdarə Heyətinin sədri Aygün Attar ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhid oğulları və şəhidə Arəstəni ehtiramla yad edərək bildirib ki, bütövlükdə xalqımız vətənin bütövlüyü uğrunda həmişə mübariz olub.
Şəhid mayor Aqşin İbadovun qardaşı polkovnik-leytenant Məmmədhüseyn İbadov 3 qardaşı ilə bərabər 27 sentyabrdan, müharibənin başladığı ilk gündən döyüşdüklərini bildirib. O, qardaşı Aqşinin Füzuli, Zəngilan, Cəbrayıl, Xocavənd rayonlarında keçdiyi şərəfli döyüş yolundan bəhs edib və Aqşin İbadovun müharibənin 23-cü günündə Xocavənddə qəhrəmanlıqla şəhid olduğunu deyib.
Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karaüz deyib ki Azərbaycan güclü ordu, güclü rəhbər və güclü xalq birliyi sayəsində qalib gəlib və bu qüruru bütövlükdə türk dünyası yaşayır.
Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordunun qazandığı zəfərdən bəhs edib. O, deyib ki, Azərbaycan xalqı vətənin bütövlüyü uğrunda həmişə mübariz olub və təcavüzkar Ermənistanın cəhdlərinə baxmayaraq, qəhrəman ordu hər zaman öz torpağının, dövlət sərhədinin keşiyində mətinliklə dayanıb.
Mərasimdə rəsmi şəxslər, diplomatlar, hökumət və qeyri-hökumət təşkilatlarının üzvləri, şəhid ailələri, qazilər, Türkiyə və Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak ediblər.