Aİ Cənubi Qafqazda yenidən geridə qalan rolunda? - ANALİTİKA
- 15 dekabr, 2025
- 12:06
Brüsseldə Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşündən əvvəl Ermənistan XİN başçısı Ararat Mirzoyanla bu gün səhər yeməyi zamanı qeyri-rəsmi fikir mübadiləsi aparılacaq.
"Report"un Avropa bürosunun məlumatına görə, bu barədə Aİ rəsmisi bildirib. Lakin o, görüşün qeyri-rəsmi xarakter daşıdığına istinad edərək, görüşün təfərrüatları barədə əlavə məlumat verməyib.
O qeyd edib ki, Aİ Ermənistanla yanaşı, Azərbaycanla da münasibətlərə malikdir və Cənubi Qafqazda sülhün, sabitliyin və rifahın təmin edilməsini vacib hesab edir.
"Hikmət Hacıyevlə yaxşı görüş və müzakirələrimiz olub və Azərbaycanla çox yaxşı əlaqələrimiz var", - Aİ rəsmisi vurğulayıb.
Lakin erməni nazirin ikitərəfli sənədin (Strateji Tərəfdaşlıq Gündəliyi) imzalanmasından təxminən iki həftə sonra gündəlikdə Ermənistanla bağlı məsələsinin yer almadığı tədbirdə iştirak etmək üçün Brüsselə qayıtması müəyyən fərziyyələrə yol açır. Çox güman ki, Azərbaycan tərəfinin qaldırdığı və Bakıda ciddi narahatlığa səbəb olan məsələlər müzakirə olunacaq. Bəlkə də Mirzoyanın Brüsselə səfərinin məqsədi də məhz budur, sadəcə Aİ nazirləri ilə səhər yeməyi deyil.
Xarici Siyasət Xidmətinin nümayəndələri Avropa İttifaqı tərəfindən bu sənədin hələ də açıqlanmamasının səbəblərini izah etməkdə çətinlik çəkiblər.
"Report"un bu sazişin bəzi bəndlərini daxili işlərə və Ermənistanla ikitərəfli münasibətlərə müdaxilə kimi qiymətləndirən Azərbaycan Xarici İşlər Nazirliyinin son dərəcə tənqidi bəyanatına Aİ-nin reaksiyasını öyrənmək cəhdləri də nəticə verməyib.
Lakin qeyri-rəsmi şəraitdə Aİ-nin Xarici Siyasət Xidmətindəki mənbələrimiz bildiriblər ki, qeyd olunan sənəd iyulda, yəni avqustun əvvəlində ABŞ paytaxtında sülh sazişinin paraflanmasından əvvəl hazırlanıb.
Vaşinqton razılaşmalarının imzalanması Aİ üçün sürpriz oldu: o, özünün mürəkkəb qərar qəbuletmə mexanizminə görə hadisələrdən kənarda qaldı.
"Problem də bundan ibarətdir ki, bürokratik maşın ləng olduğu üçün çox vaxt real dəyişikliklərlə ayaqlaşa bilmir", - "Report"un müsahibi qeyd edib.
Bu, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "strategiyanın dili son reallıqları əks etdirmir" ifadəsi ilə səsləşir. Hərçənd ona müəyyən düzəlişlər edilib, ümumiyyətlə, gündəlikdəki bəndlər Vaşinqton görüşündən xeyli əvvəl razılaşdırılanlar olaraq qalıb.
Ehtimal ki, öz səhvini anlayan Avropa tərəfi bu sənədi hələ də dərc etməyib.
Bununla belə, mənbənin sözlərinə görə, xarici siyasət xidmətində Azərbaycanla münasibətlər məsələsi prioritetlərdən biridir: "Hər kəs düşünür ki, xidmətdə hamı Ukrayna ilə məşğuldur, amma bu belə deyil. Cənubi Qafqaz, Azərbaycan və Ermənistanla, eləcə də onlar arasındakı münasibətlərə dair məsələlər aktual mövzulardan biridir. Bu gün geoiqtisadiyyat və geosiyasət arasındakı sərhədlər çox dəyişib. Hazırda region həm geoiqtisadiyyat, həm də geosiyasət baxımından mühüm əhəmiyyət kəsb edir. Hələ onun bizim üçün yaxın olmasından və strateji əhəmiyyət kəsb etməsindən danışmıram".
Mənbə qeyd edib ki, Aİ regionda yaranmış əlverişli vəziyyətdən istifadə etməyə çalışır, bu isə sülh sazişinin imzalanması və normallaşma yolunda irəliləyiş üçün imkanlar yaradır.
Onun sözlərinə görə, bəlkə də bu, zahirən o qədər də nəzərə çarpmır, lakin qapalı qapılar arxasında aktiv, intensiv əlaqələr və müzakirələr baş verir.
Aİ-nin gündəliyində daha bir vacib məsələ var – bu, Ermənistanın "TRIPP" adlanan marşrutun kiçik bir hissəsi ilə məhdudlaşmayaraq bütün Orta Dəhlizə qoşulmasıdır.