ABŞ rəsmisi: Transxəzər dəhlizində Azərbaycanın rolu həlledicidir

Xarici siyasət
  • 04 oktyabr, 2025
  • 06:06
ABŞ rəsmisi: Transxəzər dəhlizində Azərbaycanın rolu həlledicidir

"Transxəzər dəhlizinin fəaliyyətində Azərbaycanın rolu həlledicidir".

Bunu ABŞ administrasiyasının yüksək səviyyəli rəsmisi "Report"un ABŞ bürosuna açıqlamasında deyib.

Dövlət rəsmisi qeyd edib ki, ABŞ hökumətinin prioritet məsələlərindən biri məhz Mərkəzi Asiya ölkələri ilə iqtisadi və ticarət əlaqələrini genişləndirmək və həmin ölkələrin beynəlxalq bazara inteqrasiyasını təşviq etmək, eləcə də regional təhlükəsizliyi gücləndirməkdir: "Mərkəzi Asiyada Azərbaycan Amerika Birləşmiş Ştatları ilə olduqca mühüm münasibətlərə sahibdir. Biz "C5+1" (Mərkəzi Asiya + ABŞ) diplomatik platforması vasitəsilə Transxəzər dəhlizinin fəaliyyətini təşviq etməyə çalışırıq. Bu nə deməkdir? Mərkəzi Asiya ölkələri qlobal bazarlardan uzaq yerləşirlər və bu, onları Rusiyadan asılı edir. Mallarını çıxarmaq üçün imkanlar lazımdır, üstəlik, onların İraq və Əfqanıstan kimi işləməsi çox çətin olan ölkələr arasında sıxışıb qalması vəziyyəti daha da mürəkkəbləşdirir.

Xüsusilə Qazaxıstan, Özbəkistan və Türkmənistan, həmçinin digər ölkələr Transxəzər dəhlizinin inkişafında güclü təbii maraq göstəriblər və burada Azərbaycanın rolu həlledicidir. ABŞ-ın növbəti administrasiyasının Mərkəzi Asiya və Qafqaz ölkələri ilə uğurlu işləyə biləcəyi istiqamətləri əks etdirən yeni strategiya hazırlanıb və bu məsələ ilə bağlı Xəzər Siyasət Mərkəzi (Caspian Policy Center) bir sıra görüşlər keçirilib. Həmin görüşlərdə bütün Mərkəzi Asiya ölkələri ilə birlikdə Azərbaycan da iştirak edib. Bir neçə gün əvvəl Xəzər Siyasət Mərkəzinin təşkil etdiyi tədbirdə ABŞ-dan, Gürcüstandan, Ermənistandan, Azərbaycandan və bütün Mərkəzi Asiya ölkələrindən yüksək səviyyəli rəsmilər bir araya gələrək bu məsələni müzakirə etdilər".

Dövlət rəsmisi qeyd edib ki, ABŞ hökuməti Transxəzər dəhlizi layihəsi ilə bağlı mütəmadi görüşlər keçirir:

"ABŞ dövlət katibi Marko Rubio bu məsələyə böyük səy göstərib. Bildiyiniz kimi, ABŞ dövlət katibi həm Amerikanın təhlükəsizliyini möhkəmləndirmək, həm də onu daha firavan etmək istəyir. Bunun yollarından biri də dostlarımız olan Mərkəzi Asiya ölkələrinin dünyaya çıxış əldə etməsinə, bizimlə və digər ölkələrlə ticarət edə bilməsinə yardım etməkdir. Düşünürəm ki, ən yaxşı təşəbbüslərin və razılaşma proseslərinin böyük bir hissəsi Transxəzər vasitəsilə həyata keçirilir, həm də bu, hava nəqliyyatı üçün də bir dəhlizdir.

Məsələn, İsrail və İran arasındakı münaqişə zamanı xeyli sayda hava məkanları bağlanmışdı və bütün hava trafiki Transxəzər üzərindən keçməli olmuşdu. Bu, dünya iqtisadiyyatı üçün çox mühüm dəhlizdir və Amerika Birləşmiş Ştatları onun üzərində işləməyi davam etdirməyə böyük önəm verir", - dövlət rəsmisi qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti