Abbas Abbasov: BTQ reparasiyalarla bağlı beynəlxalq layihələrə başlayıb
- 31 oktyabr, 2025
- 14:57
 
                            
                            
                        Bakı Təşəbbüs Qrupu (BTQ) son bir il ərzində fəaliyyət istiqamətlərini genişləndirib.
"Report" xəbər verir ki, bunu BTQ-nin icraçı direktoru Abbas Abbasov jurnalistlərə açıqlamasında deyib.
"Dekolonizasiya prosesinin mühüm hissəsi reparasiyalardır. Bu mövzu çərçivəsində artıq beynəlxalq layihələrin həyata keçirilməsinə başlamışıq və qlobal səviyyədə konfranslar təşkil edirik", - o qeyd edib.
A.Abbasov BTQ-nin Belçika müstəmləkəçiliyi və XVIII-XX əsrlərdə insanlığa qarşı yönəlmiş digər müstəmləkə təcrübələri mövzusunda fəal iş apardığını vurğulayıb.
"İctimaiyyət bu cinayətlər haqqında kifayət qədər məlumatlıdır, lakin beynəlxalq təşkilatlar hələ lazımi reaksiya göstərmir. Biz beynəlxalq qeyri-hökumət təşkilatı olaraq bu məsələləri gündəmə gətirməyə və ədalətli kompensasiyaya nail olmağa çalışırıq", - o bildirib.
İcraçı direktorun sözlərinə görə, BTQ artıq beynəlxalq hüquq çərçivəsində kompensasiya prosesini dəstəkləmək üçün Ruanda və Konqo Demokratik Respublikasının nümayəndələri ilə əməkdaşlıq qurub.
"Əminik ki, reparasiya ilə bağlı ilk addımlardan sonra beynəlxalq ictimaiyyətin bu mövzuya diqqəti artacaq", - A.Abbasov əlavə edib.
O, həmçinin vurğulayıb ki, BTQ konkret dövlətlərlə kommersiya məqsədli əməkdaşlıq həyata keçirmir: "Biz müstəmləkə ərazilərinin nümayəndələrinin müraciətlərinə baxır və onlarla beynəlxalq tərəfdaşlıq əlaqələri qururuq".
