Abbas Abbasov: Azərbaycan azadlıq yolunda mübarizə aparan xalqlar üçün ümid yeridir

Xarici siyasət
  • 03 oktyabr, 2025
  • 14:55
Abbas Abbasov: Azərbaycan azadlıq yolunda mübarizə aparan xalqlar üçün ümid yeridir

Azərbaycan müstəqillik və azadlıq yolunda mübarizə aparan xalqlar üçün ümid yeri və qlobal platformadır.

"Report" xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) İcraçı direktoru Abbas Abbasov "Müstəmləkəçilik, neokolonializm və onun nəticələri" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, BTQ müstəmləkəçilik və neokolonializmə qarşı aparılan qanuni mübarizəni fəal şəkildə dəstəkləyir:

"Bu kontekstdə, BTQ (neo)kolonializmin reallıqlarını və onun təzahürlərini beynəlxalq ictimaiyyətə səmərəli şəkildə çatdırmağı bacarıb. BTQ yarandığı gündən qlobal dekolonizasiya hərəkatında beynəlxalq səviyyədə nüfuzlu və mötəbər platformaya çevrilib. Son iki il ərzində BMT-nin Nyu-York, Cenevrə və Vyana qərargahlarında, eləcə də Roma, İstanbul və dekolonizasiya dialoqlarının mərkəzi kimi tanınan Bakıda 40-dan artıq beynəlxalq konfrans və yüksək səviyyəli tədbir təşkil etmişik".

A.Abbasov bildirib ki, BTQ-nin əsas nailiyyətlərindən biri 2024-cü ilin iyulunda Bakıda təşkil edilən Müstəqillik Hərəkatlarının Birinci Konqresinin keçirilməsi olub.

"İkincisi isə BTQ tərəfindən hazırlanmış hesabatın BMT Baş katibi tərəfindən 2025-ci ildə təqdim edilən "Afrika Mənşəli Şəxslər üçün Beynəlxalq Onilliyin Fəaliyyət Proqramının İcrası"na dair məruzəsində qeyd olunmasıdır. Bundan əlavə, BTQ, BMT Baş Assambleyasının sessiyaları, Xüsusi Dekolonizasiya Komitəsi (C24) və Baş Assambleyanın Dördüncü Komitəsi (C4) Afrika Mənşəli Şəxslərin Daimi Forumu, BMT İnsan Hüquqları Komitəsi və BMT İnsan Hüquqları Şurası ilə əməkdaşlıq çərçivəsində yan tədbirlər təşkil edib. Hökumətlərarası müzakirələrlə yanaşı, substantiv dialoqa öz töhfəsini verib".

O, xatırladıb ki, BTQ COP29 çərçivəsində bir sıra tədbirlər və aksiyalar təşkil edib:

"Məqsəd müstəmləkəçiliyin yalnız siyasi və sosial nəticələrini deyil, həm də onun dağıdıcı ekoloji təsirlərini göstərmək idi. Missiyamız müstəmləkə hökmranlığının ekosistemləri məhv etməsi, təbii sərvətləri tükəndirməsi və ada dövlətləri və müstəmləkə asılılığında olan ərazilərin mövcudluğunu təhlükə altına qoymasını beynəlxalq ictimaiyyətin diqqətini çatdırmaq olub".

İcraçı direktor BTQ-nin analitik mərkəz qismində fəaliyyət göstərərək müstəmləkəçilik və dekolonizasiya sahələrində yüksək səviyyəli tədqiqatlar və ekspert təhlilləri hazırladığını olduğunu deyib:

"İndiyədək hesabatlar, jurnallar və kitablar daxil olmaqla 20-dən artıq nəşr dərc edib. Bu nəşrlər arasında müstəmləkə ərazilərinin idarə olunması üzrə beynəlxalq ekspert, Korlayl Korbin tərəfindən yazılmış "Fransız müstəmləkəçiliyinin təkamülü: Siyasi və konstitusional təhlil" adlı əlamətdar əsər xüsusi əhəmiyyətə malikdir. Bakı Təşəbbüs Qrupu müstəmləkə əsarəti altında qalan xalqlara dəstək verməkdə mühüm rol oynamağa davam edir".

Son xəbərlər

Bütün Xəbər Lenti