Səfir: "Çin və Azərbaycan inkişaf və dirçəliş yolunda tərəfdaşdır"
- 17 noyabr, 2025
- 11:21
Çin və Azərbaycan inkişaf və dirçəliş yolunda tərəfdaşdır.
"Report" xəbər verir ki, bunu Bakıda ilk dəfə keçirilən "China Visitors Summit"də çıxış edən Çinin Azərbaycandakı səfiri Lui Mei deyib.
O, iki ölkənin münasibətlərinin qədim tarixinə diqqət çəkib: "İki min il əvvəl Qədim İpək Yolunda dəvələrin zınqırov səsləri altında Çin və Azərbaycan sivilizasiyalararası mübadilə yoluna qədəm qoyub, qarşılıqlı ticarət və mədəni zənginləşmə prosesinə başlayıb".
Səfirin sözlərinə görə, 1992-ci ildə diplomatik münasibətlərin qurulmasından sonra iki ölkə dinamik və sabit inkişaf yolu keçib, qarşılıqlı etimad üzərində qurulan səmimi tərəfdaşlığa nail olub: "Çin–Azərbaycan münasibətləri etibarlı dostluq və səmimi tərəfdaşlıq üzərində formalaşıb. Bu il isə əlaqələrimiz üçün xüsusilə məhsuldar il olub".
Son illərdə Prezident Si Cinpin və Prezident İlham Əliyevin strateji rəhbərliyi altında ikitərəfli münasibətlər daha yüksək dinamika qazanıb. İ.Əliyev iki dəfə Çinə səfər edib, liderlərimiz hərtərəfli strateji tərəfdaşlığın qurulmasını elan edib və əməkdaşlığın dərinləşdirilməsi üzrə mühüm razılaşmalara nail olublar".