Qarabağın turizmi ilə bağlı strategiya açıqlanıb

Turizm
  • 25 oktyabr, 2021
  • 07:41
Qarabağın turizmi ilə bağlı strategiya açıqlanıb

"Azərbaycan hökuməti Qarabağın turizm potensialını artırmaq və bundan maksimum istifadə məqsədi ilə bir neçə istiqamətdə addımlar atır".

Bunu "Report"a açıqlamasında Dövlət Turizm Agentliyinin (DTA) turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov deyib.

M.Muradov əlavə edib ki, 2030-cu ilə qədər Qarabağ regionu təhlükəsiz turizm zonası olacaq:

“Vətən müharibəsinin nəticələri bizə imkan verir ki, Qarabağ bölgəsinin turizminin ən azı əvvəlki səviyyəyə qayıtması ilə bağlı yeni işlər görək. Turizmlə bağlı dövlətin əsas məqsədi odur ki, 2030-cu ilə qədər bu region təhlükəsiz destinasiyaya çevrilsin. İlk növbədə daxili turizmi hədəfləyək, daha sonra isə mərhələli şəkildə qonşu ölkələr və beynəlxalq turistləri cəlb etməklə bölgəni turizm baxımından əsas rəqabətcil destinasiyaya çevirək. Əsas baxış bundan ibarətdir. Hədəfə çatmaq üçün bu və bir neçə istiqamətdə işlər görülməlidir.

Birinci bölgənin turizm baxımından inkişafı ilə əlaqədar strateji yanaşma formalaşmalıdır. Daha sonra strateji yanaşmanı icra etmək, onu implementasiya etmək üçün davamlı və yaxşı idarəetmə qurulmalıdır. Həmçinin bölgədə keyfiyyətli və rəqabət qabiliyyətli quru və hava nəqliyyatı xidməti təşkil edilməlidir. Turizm sənayesi üçün əlverişli və cəlbedici biznes investisiya mühiti yaradılmalıdır. Bölgənin mədəni, təbiət, sağlamlıq və xüsusi maraq qrupları üçün mövcud olan turizm potensialı əsas götürülməklə unikal və rəqabət qabiliyyətli turizm məhsulları yaradılmalıdır. Daha sonra dövlət-özəl əməkdaşlığı əsasında müasir turizm infrastrukturu qurulmalıdır. Təbliğat-təşviqat tədbirləri vasitəsi ilə bölgə barədə məlumatlılığı artırmaq lazımdır. Həmçinin turizm sənayesini dəstəkləmək üçün kadr təminatını təmin etmək lazımdır".

M.Muradovun sözlərinə görə, dövlətin bölgə ilə bağlı görəcəyi işlərin əsas istiqamətləri bunlar olacaq.

"İlk növbədə strateji yanaşma ilə bağlı hansı işlər görülüb o barədə danışmaq istəyirəm. Növbəti 5 il ərzində dövlətin “Sosial-iqtisadi inkişaf Strategiyası” hazırlanır və həmin strategiya çərçivəsində işğaldan azad edilmiş ərazilərin inkişafı ilə bağlı turizm strategiyası işlənir. Dövlət tərəfindən elan olunacaq həmin sənəddə turizmin inkişafı ilə bağlı əsas qeyd etdiyimiz istiqamətlər öz əksini tapacaq. Bu da o deməkdir ki, artıq bölgə ilə bağlı məsələlərə daha kompleks, daha sistemli yanaşma olacaq”, - DTA-nın şöbə müdiri bildirib.