Mərakeş nəşri: Bakını gəzərkən sanki keçmişə toxunur və gələcəyi təxmin edirsən

Turizm
  • 05 sentyabr, 2025
  • 13:06
Mərakeş nəşri: Bakını gəzərkən sanki keçmişə toxunur və gələcəyi təxmin edirsən

Bakıda keçmişlə gələcək hər addımda qarşılaşır: qədim küçələr müasir göydələnlərlə qonşuluq edir, şəhərin zəngin tarixi dinamik müasir həyatla bir-birinə qarışır.

"Report" xəbər verir ki, bu barədə Mərakeş nəşri "Zamane"nin Bakıya həsr olunmuş materialında qeyd edilib.

"Biz Azərbaycanın paytaxtı Bakıya səfər etdik. Təyyarədən düşən kimi Xəzərin küləyi təravət gətirir, min illik tarixin şahidi olan qədim dənizin sahilində olduğumuzu xatırladır. Bakı ilk baxışdan insanı valeh edir. Elə bil ki, şəhərin hər guşəsi başqa bir dövrdən danışır", - nəşr yazıb.

Bakı küçələrində gəzdikcə, şəhər müxtəlif detallarla açılır. Köhnə şəhərin oyma taxta eyvanları, əsrlik məscidləri bəzəyən parlaq mozaikalar təkrarolunmaz atmosfer yaradır. Ədviyyat və qurudulmuş meyvə ətirləri ilə dolu bazarlarda ənənələrin və müasirliyin yan-yana mövcud olduğu gündəlik həyatın nəfəsi hiss olunur. Axşam saatlarında Xəzərin sahili neon işıqları və parlaq lövhələrlə işıqlanır.

Məqalədə həmçinin qeyd olunur ki, "İçərişəhər"də ilk addımlardan təzad gözə çarpır: "Flame Towers" göyüzünü dəlir, daşla döşənmiş küçələr isə keçmişdə donub qalmış kimi görünür. Köhnə şəhərdən kənara çıxdıqda vizual təzad davam edir. Bir tərəfdən neoklassik bulvarlar, digər tərəfdən sərt sovet məhəllələri. Bakı - hər küncündə keçmişlə gələcəyin görüşdüyü bir yerdir".

Materialda şəhərin tarixinə xüsusi diqqət yetirilir: XIX əsrdə neft sənayesi Bakıya Rusiya, Avropa və digər yerlərdən işçi qüvvəsi və investorlar cəlb edib. Nobellər və Rotşildlər saraylar, kafelər və klublar tikərək kosmopolit atmosfer yaradırdılar. XX əsrdə Bakı sovet dövrünü yaşayıb: geniş prospektlər, nəhəng binalar və abidələr meydana gəlib, 20 Yanvar prospekti isə repressiya qurbanlarının xatirə yeri olaraq qalır.

Mərakeş vətəndaşları üçün Bakı özünəməxsus bir güzgüdür: iki müsəlman milləti, suverenlik uğrunda mübarizə və dözümlülüyün iki tarixi.

"Tarix hər yerdə siyasəti, mədəniyyəti və kimliyi formalaşdırır. 2025-ci ilin may ayında Mərakeş şahzadəsi Lalla Hasna mədəni əlaqələri gücləndirmək üçün Bakıya səfər edib. O, yerli rəsmilər və sənətçilərlə görüşüb, iki ölkə arasında dialoqun vacibliyini vurğulayıb. İki mədəniyyət bir-birini kəşf edir və qarşılıqlı anlaşma tapır", - məqalədə qeyd olunub.

"Zamane"də vurğulanıb ki, binalar və şüşə qüllələrin arxasındakı turizm insanları bir-birinə bağlayır. 2025-ci ilin yanvar-may aylarında Bakıya təxminən 1,5 min mərakeşli səfər edib - bu, 2024-cü illə müqayisədə 54% artım deməkdir. 

"Bakı zamanın açıq kitabı kimi oxunur. Orta əsr daşları, XIX əsr sarayları, sovet prospektləri və XXI əsrin şüşə qüllələri - hamısı bir yerdə mövcuddur. Burada gəzərkən sanki keçmişə toxunur və gələcəyi təxmin edirsən. Adi turist üçün bu şəhər bir dərsdir", - nəşr əlavə edib.