Lu Mey: "Çindən Azərbaycana turist axını 2025-ci ilin əvvəlindən 1,5 dəfə artıb"
- 25 dekabr, 2025
- 13:23
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana səfər edən çinli turistlərin sayı 57 min nəfəri ötüb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 50 % çoxdur.
"Report" xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey ilin yekunlarına həsr olunmuş brifinqdə bildirib.
Onun sözlərinə görə, turist axınının əhəmiyyətli artımı qarşılıqlı vizasız rejim barədə saziş sayəsində mümkün olub.
L.Mey xatırladıb ki, sənəd bu ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri zamanı imzalanıb.
"Vizasız rejimin tətbiqi nəticəsində iki ölkə arasında qarşılıqlı turist səfərlərinin sayı daha da artır. Bu addım Çin və Azərbaycan xalqları arasında qarşılıqlı anlaşmanın və humanitar əlaqələrin gücləndirilməsi üçün əlverişli şərait yaradır", - diplomat vurğulayıb.