Azərbaycanda dini turizm: Potensialla reallıq arasındakı kəskin fərq - ARAŞDIRMA

Turizm
  • 19 yanvar, 2026
  • 15:05
Azərbaycanda dini turizm: Potensialla reallıq arasındakı kəskin fərq - ARAŞDIRMA

Azərbaycanda dini turizm müəyyən potensiala malik olsa da, bu istiqamət hələlik müstəqil və kütləvi turizm məhsulu kimi tam formalaşmayıb. Mövcud ziyarətçi axını əsasən yerli və regiondaxili səfərlər hesabına yaranır, beynəlxalq bazarlarda isə dini turizm paketləşdirilmiş marşrutlar səviyyəsində təqdim edilmir.

Bunu rəsmi statistik göstəricilər də təsdiqləyir. Ötən ilin 11 ayında Azərbaycana turizm məqsədilə 1 milyon 666 min 25 nəfər səfər edib ki, bu da illik müqayisədə 2,5 % azalma deməkdir. Həmin dövrdə dini ziyarət məqsədilə ölkəyə gələnlərin sayı cəmi 1 818 nəfər olub. Bu göstərici isə 2024-cü ilin eyni dövrünə nisbətən 41 % azalıb.

"Report" Azərbaycanda dini turizmlə bağlı qarşıdakı çağırışları və inkişaf imkanlarını araşdırıb.

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi deyir ki, ölkəmizdə dini turizm əsasən Şamaxıdakı Cümə məscidini, Gəncədəki İmamzadə türbəsinin olduğu kompleksi və Naxçıvandakı Əshabi-Kəhf ziyarətgahını əhatə edir, lakin bu obyektlər daha çox mədəni turizm məhsullarının tərkib hissəsi kimi təqdim edilir.

Onun fikrincə, bu yanaşma təsadüfi deyil və beynəlxalq praktikaya uyğundur: "Dini obyektlər mədəniyyət, tarix və memarlıq kontekstində təqdim edildikdə, daha geniş auditoriya üçün cəlbedici olur və eyni zamanda dini həssaslıqlar qorunur. Azərbaycanda da dini irsin mədəni turizmə inteqrasiyası həm məhsulun zənginləşməsinə, həm də mövsümdənkənar dövrlərdə turist axınının diversifikasiyasına real töhfə verə bilər".

Azərbaycan Turizm Peşəkarları Təşkilatının rəhbəri Ceyhun Aşurov isə deyir ki, hazırda Hindistan və digər ölkələrdən dini məqsədlərlə Azərbaycana xeyli sayda turist gəlsə də, potensial bununla məhdudlaşmır: "Xüsusilə İndoneziyadan bu istiqamətdə ciddi maraq müşahidə olunur. Hər il minlərlə insan Ümrə ziyarətindən qayıdarkən səfər çərçivəsində başqa ölkələrdə vaxt keçirir, dini abidələrə, ziyarətgahlara baş çəkir. Azərbaycana maraq olsa da, mövcud marşrutların uyğun olmaması və qiymət amilləri – xüsusilə aviabiletlərin baha olması – bu imkanların reallaşmasına mane olur. Nəticədə alternativ marşrutlar əsasən Türkiyə üzərindən formalaşır və turistlər 5 gün – 1 həftə müddətində məhz həmin ölkədə qalmağa üstünlük verirlər. Daha əlverişli şərtlər təklif edən Türkiyə bu turist axınını özünə yönəldə bilib".

Ekspertin sözlərinə görə, dini turizm Azərbaycanda ayrıca və kütləvi istiqamət kimi deyil, mədəni turizmin güclü tamamlayıcısı kimi inkişaf etdirilməlidir: "Tarixi məscidlər, ziyarətgahlar, alban və islam irsi abidələri düzgün marşrutlaşdırıldıqda və peşəkar şəkildə təqdim edildikdə, bu, həm turizm məhsulunun zənginləşməsinə, həm də ölkəyə daxil olan turistlərin xərclərinin və turizmdən əldə edilən valyuta gəlirlərinin artmasına xidmət edə bilər".

Son xəbərlər

Bütün Xəbər Lenti