Azərbaycan–Çin turizm əməkdaşlığının yeni mərhələsi müzakirə olunub
- 22 dekabr, 2025
- 13:13
Azərbaycan və Çin arasında turizm əlaqələrinin inkişaf istiqamətləri müzakirə edilib.
"Report" Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, Çində keçirilən "CITM 2025" (China International Travel Mart) beynəlxalq turizm sərgisi çərçivəsində agentliyin sədri Fuad Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkəyə səfər edib.
Səfər çərçivəsində dekabrın 17-də Pekində F. Nağıyevlə Çinin mədəniyyət və turizm naziri Sun Yeli arasında keçirilən görüşdə iki ölkə arasında turizm əlaqələrinin inkişaf perspektivləri ətraflı müzakirə olunub.
Tərəflər Azərbaycan Prezidenti İlham Əliyev və Çin Sədri Si Cinpinin səyləri nəticəsində son illərdə Azərbaycan–Çin münasibətlərinin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin turizm sahəsində də əməkdaşlığın genişlənməsinə müsbət təsir göstərdiyini qeyd ediblər.
Görüşdə çıxış edən F.Nağıyev son illərdə Azərbaycanla Çin arasında turizm əlaqələrinin dinamik inkişaf etdiyini vurğulayıb, qarşılıqlı viza rejiminin aradan qaldırılmasının turist axınının artmasına mühüm töhfə verdiyini bildirib. O, Azərbaycanın turizm potensialının Çin bazarında tanıdılması məqsədilə genişmiqyaslı marketinq və tanıtım kampaniyalarının davam etdiriləcəyini, həmçinin növbəti mərhələdə Azərbaycanın Çində turizm nümayəndəliyinin açılmasının planlaşdırıldığını qeyd edib.
Agentlik sədri, eyni zamanda, çinli turistlərin qəbulu üçün yerli turizm sənayesinin hazırlıq səviyyəsinin artırılmasına yönəlmiş "China Ready" proqramı barədə məlumat verib. O, ötən ay Bakıda keçirilmiş China Visitors Summit tədbirinin iki ölkənin turizm sənayesi nümayəndələri arasında əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm platforma olduğunu vurğulayıb.
Çinin mədəniyyət və turizm naziri Sun Yeli isə öz növbəsində Azərbaycanla Çin arasında iqtisadi və siyasi münasibətlərin möhkəmlənməsinin turizm sahəsinə müsbət təsir etdiyini bildirib. Nazir Azərbaycanın turizm imkanlarının Çin bazarında daha geniş tanıdılmasının vacibliyini qeyd edərək, bu istiqamətdə birgə fəaliyyətin və turizm sənayesi nümayəndələri arasında ikitərəfli əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, diplomatik münasibətlərin qurulmasından ötən 33 il ərzində Azərbaycan–Çin əlaqələrinin qarşılıqlı faydalı tərəfdaşlıq əsasında inkişaf etdiyini və Azərbaycanın çinli turistlər üçün cəlbedici istiqamət olduğunu diqqətə çatdırıb.
Görüşdə Azərbaycan nümayəndə heyətinin tərkibində Azərbaycanın Çində fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynov da iştirak edib.
Qeyd edək ki, Azərbaycanın turizm imkanlarının təqdim olunduğu "CITM 2025" sərgisində milli stenddə Azərbaycan Turizm Bürosu, "Azərbaycan Hava Yolları" QSC, "Şahdağ Turizm Mərkəzi" və digər yerli tərəfdaşlar təmsil olunub. Sərgi çərçivəsində Azərbaycan milli stendi "Ən yaxşı stend" nominasiyasına layiq görülüb.
F. Nağıyev, həmçinin Çinin Haykou şəhərində keçirilən sərginin açılış mərasimində iştirak edib. Sərgi çərçivəsində Azərbaycan stendini ziyarət edən Çinin mədəniyyət və turizm nazirinin müavini Gao Zheng və Zurab Pololikaşvili ilə Fuad Nağıyev arasında da görüş keçirilib.