Növbəti "PeşəFest" İmişlidə keçirilib
- 01 oktyabr, 2025
- 15:52

İmişlidə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyi (DMA) tərəfindən "PeşəFest-2025" keçirilib.
"Report"un Muğan bürosunun məlumatına görə, "Peşə öyrən, gələcəyini qur!" devizi ilə təşkil edilən festivalda İmişli rayonunun rəsmi şəxsləri, DMA-nın nümayəndələri, eləcə də ətraf rayonlardan dövlət və özəl təşkilatların rəhbər şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, festivalın məqsədi gənclərin və şagirdlərin peşə seçiminə dəstək olmaq, onların karyera istiqamətində doğru addım atmalarını təmin etməkdir.
Festival çərçivəsində peşəkarlar öz ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətlərini diqqətə çatdırıblar.
Qeyd edək ki, festivalda 14 peşə (kibertəhlükəsizlik, data analitika, helpdesk, 3D animator, zinət əşyalarının dizayneri, turizm təşkilatçısı, dülgər, avtomobil təmiri üzrə çilingər, qida mühəndisi, qənnadıçı, xilasedici, barista, diş texniki və baytar) üzrə maarifləndirici tədbirlər təşkil olunub. İştirakçılar festivala qatılmaqla bu peşə sahələri üzrə inkişaf etməyin yolları, tələb olunan bacarıqlar, ixtisas seçimi barədə faydalı məlumatlar əldə etmək, mütəxəssislərlə ünsiyyət qurmaq imkanı əldə ediblər.