"Kağız gətir - kitab apar" layihəsinə start verilib
- 18 mart, 2026
- 19:51
18 mart – Qlobal Təkrar Emal Günü münasibətilə Bakı Avropa Liseyində "Kağız gətir– kitab apar" adlı sosial-ekoloji layihəyə start verilib.
"Report" xəbər verir ki, tədbir çərçivəsində şagirdlər evlərində istifadəsinə ehtiyac duyulmayan və tullantı hesab edilən kağızları məktəbə gətirərək əvəzində yeni kitablar əldə ediblər.
Toplanan kağız tullantıları isə "Təmiz Şəhər" ASC tərəfindən təkrar emala yönləndirilib. Təkrar emal mədəniyyətinin təşviqini ekoloji şüurun artırılmasını və mütaliəyə marağın gücləndirilməsini hədəfləyən bu layihə iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Ekoloji məsuliyyətin formalaşmasına və oxu vərdişlərinin inkişafına mühüm töhfə verəcək layihənin ekoloji təqvim günlərində müxtəlif təhsil müəssisələrində, kitab sərgilərində və digər məkanlarda davamlı olaraq keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, bu layihə "Təmiz Şəhər" ASC-nin və Bakı Avropa Liseyinin təşkilatçılığı, Azərbaycan Nəşriyyatları Assosiasiyası, "Global Media Group", "Global Management", "Bravo Supermarket", "Smart Waste" MMC, "Chapar Poliqrafiya", "Gilavar Foto Klubu", "EcoHub" və Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin dəstəyi ilə həyata keçirilir.