Gəncədə psixonevroloji müəssisədə 108 şəxsə stasionar xidmət göstərilir
- 05 sentyabr, 2025
- 17:32

Gəncədə psixonevroloji sosial xidmət müəssisəsində 108 şəxsə stasionar şəraitdə xidmət göstərilir.
"Report"un Qərb bürosunun məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin Gəncə şəhərində yerləşən 4 saylı psixonevroloji sosial xidmət müəssisəsinin sakinlərinin içərisində ən cavanı 19, ən yaşlısı 69 yaşındadır.
Burada sakinlərə gün ərzində üç dəfə yemək, iki dəfə qəlyanaltı verilir. Üçmərtəbəli, 110 çarpayılıq müəssisədə psixi və yüngül formalı əqli pozuntularla əlaqədar əlilliyi yaranan və əlilliklə əlaqədar özünəqulluq qabiliyyəti, habelə qulluq və kömək edə biləcək qabiliyyəti, qohumları və ya qanuni nümayəndələri olmayan 108 şəxs stasionar şəraitdə xidmətlə təmin olunur.
Müəssisənin sakinləri burada onlara xoş davranıldığı, yardımlar göstərildiyini, zamanlarını binada yaradılmış idman və oyun zallarında keçirdiklərini, həmçinin onlara incəsənət sahəsində xüsusi dərslər keçirildiyini bildiriblər. Burada, həmçinin rəqslər edib, digər yoldaşlarla həmsöhbət olub xoş zaman keçirdiklərini deyiblər.
Qeyd edək ki, psixonevroloji sosial xidmət müəssisəsinə qəbul şəxsin özünün və ya qanuni nümayəndəsinin müraciəti, həmçinin bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının ərizəsi əsasında Sosial Xidmətlər Agentliyinin yerli qurumları və ya DOST mərkəzləri vasitəsilə aparılır. Müəssisədə sakinlərin yaşayış yeri, yemək və geyimlə, sosial-məişət, sosial-hüquqi xidmətlərlə təminatı həyata keçirilir, onlar üçün asudə vaxtlarının səmərəli təşkili üçün tədbirlər, ekskursiyalar və s. də təşkil olunur.
Hazırda Agentliyin Bakıda və bölgələrdə olmaqla 4 psixonevroloji sosial xidmət müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə 576 şəxs sosial xidmətlərdən yararlanır.