Bakıda "Tacik tikmə dünyası" adlı sərgi açılıb
- 25 sentyabr, 2025
- 20:52

Azərbaycan Milli Xalça Muzeyində Tacikistan Milli Muzeyi ilə birgə təşkil edilən "Tacik tikmə dünyası" adlı sərginin açılışı olub.
"Report" xəbər verir ki, sərgidə tacik xalqının bədii-estetik zövqünü, ideallarını, dünyagörüşünü, mənəvi dəyərlərini əks etdirən qədim və nəfis tikmələr nümayiş olunub.
Tacikistanın Xücənd, İstərövşən, Kulab, Pəncəkənd, Rəşt, Bədəxşan, Hisar və digər şəhər və bölgələrindən olan ustalar tərəfindən yaradılan zəngin kolleksiya Azərbaycanda ilk dəfə nümayiş etdirilir.
Ekspozisiyaya Tacikistan Milli Muzeyinin qızıl fondundan seçilmiş 56 unikal eksponat – örtüklər, çakan geyimlər, namazlıqlar, yastıq üzləri, kişi bel yaylıqları, dəstərxanlar və digər ənənəvi tikmə nümunələri daxildir. Sərgidə rəng çalarlarının və naxışlarının zənginliyi ilə seçilən, tacik tikməsinin nadir nümunələrindən olan süzənilər də xüsusi yer tutacaq.
Tacik tikmələrini rəngli və həndəsi ornamentlər, epiqrafik motivlər və kalliqrafik yazılarla bəzəyir. Onların üzərindəki hər bir naxışın - nar çiçəyi, lalə, söyüd yarpağı, günəş, ay, ulduz, tovuzquşu quyruğu, hibiskus kimi təsvirlərin öz mənası var. 2018-ci ildə Tacikistanın "Çakan" tikmə sənəti UNESCO-da Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına salınıb.
Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Xalça Muzeyi və Tacikistan Milli Muzeyinin təşkilatçılığı ilə keçirilir. Bu layihə mayın 20-də Düşənbədə keçirilmiş "Azərbaycanın milli irsi incəsənət incilərində yaşayır" sərgisinin davamı kimi qarşılıqlı mədəni mübadilə ənənələrinin davamıdır.
Açılışda Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova, Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon, Milli Məclisin deputatı, Azərbaycan-Tacikistan Parlamentlərarası Qrupunun rəhbəri Aydın Mirzəzadə, Tacikistan Milli Muzeyinin direktoru İbrohimzoda Zafarşo Safa və digər rəsmi şəxslər və mədəniyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə hər iki ölkənin incəsənət ustalarının çıxışları, o cümlədən musiqi nömrələri və rəqslər nümayiş olunub. Gülcanaq Məmmədova "Shodu-shod" tacik mahnısını, Firuzə Curayeva isə "Skertso" bəstəsini ifa edib.
Sərginin məqsədi təkcə Tacikistanın sənət xəzinələrini nümayiş etdirmək deyil, həm də iki ölkə arasında mədəni körpüləri gücləndirmək, incəsənət və tarix sahəsində qarşılıqlı anlaşma və əməkdaşlığı dərinləşdirməkdir.