Paytaxtda sənaye istehsalı 1,2 % artıb

Sənaye
  • 05 may, 2021
  • 08:27
Paytaxtda sənaye istehsalı 1,2 % artıb

Bu ilin yanvar-mart aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2 % artaraq 8,8 mlrd manat təşkil edib.

Bu barədə “Report” Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, sənaye məhsulunun 77,6 %-i mədənçıxarma, 18,6 %-i emal, 3,1 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 84,5 % olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 89,9 %, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 10,1 % təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında bu ilin aprelin 1-nə 340,6 mln manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 84,3 mln manat məbləğində digər məhsullar da mövcud olub.