Azərbaycanda sənaye istehsalı 1 %-dən çox azalıb
- 14 noyabr, 2025
- 15:19
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 52,6 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 % az sənaye məhsulu istehsal edib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə neft-qaz sektorunda məhsul istehsalı 2,2 % azalıb, qeyri-neft-qaz sektorunda isə 4,9 % artıb.
Sənaye məhsulunun 60,8 %-i mədənçıxarma sektorunda, 32,8 %-i emal sektorunda, 5,4 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,6 % azalıb, əmtəəlik qaz hasilatı isə 1,7 % artıb.
Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 2 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 98,4 %, ağacın emalı və ağacdan məmulatların istehsalı 57,1 %, toxuculuq sənayesi məhsullarının istehsalı 26,1 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 12,6 %, tütün məmulatlarının istehsalı 11,2 faiz, qida məhsullarının istehsalı 9,5 %, kimya sənayesi məhsullarının istehsalı 8,4 %, neft məhsullarının istehsalı 0,9 % artıb, maşın və avadanlıqların istehsalı 1,2 %, içkilərin istehsalı 1,8 %, tikinti materiallarının istehsalı 4,3 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 7,4 %, geyim istehsalı 9,2 %, hazır metal məmulatlarının istehsalı 10 %, mebel istehsalı 10,9 %, elektrik avadanlıqlarının istehsalı 11,6 %, metallurgiya sənayesi məhsullarının istehsalı 12,9 %, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 18,6 %, poliqrafiya məhsullarının istehsalı 19,9 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 22,5 %, kağız və karton istehsalı 27,1 % azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1 %, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,4 % artıb.
İstehsal edilmiş sənaye məhsulunun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında noyabrın 1-nə 841,1 milyon manatlıq hazır məhsul olub.