Azərbaycanda daha 3 dərman istehsalı zavodu inşa ediləcək

Sənaye
  • 16 avqust, 2023
  • 13:31
Azərbaycanda daha 3 dərman istehsalı zavodu inşa ediləcək

2019-cu ilin sonlarından fəaliyyətə başlayan Azərbaycanın “Parla Pharmaceuticals” əczaçılıq şirkəti Azərbaycanda 3 istehsal zavodu açmağı planlaşdırır.

Bu barədə “Report”a şirkətin rəhbəri Araş Nosrati deyib.

O bildirib ki, hazırda şirkətin dərmanları Kanada, İtaliya, İran və Hindistanda yerləşən zavodlarında istehsal olunaraq Azərbaycanda qablaşdırılır. Lakin yaxın gələcəkdə onların istehsalı Azərbaycanda da təşkil olunacaq.

"Bu müəssisələrdə şəkərli diabet üçün, boy hormonu çatışmazlığı, piylənmə, uroloji, antibiotiklər, ağrıkəsicilər, həmçinin göbələk əleyhinə və iltihab əleyhinə dərmanlar istehsal edilir. Azərbaycanda fəaliyyət göstərəcək zavodlardan biri ətraf mühitə zərər verməyən zavod olacaq. İkincisi qismən ətraf mühitə zərər verən, bərk formalı dərmanların istehsalını həyata keçirən zavoddur. Üçüncü zavod isə yüksək texnologiyalı dərmanların xam maddəsini istehsal etmək üçün fəaliyyət göstərəcək. Bu cür dərmanlar dünyanın 4-5 ölkəsində istehsal olunur və Azərbaycan da bu ölkələrin liqasına qoşulacaq", - A.Nosrati qeyd edib.

Onun sözlərinə görə, zavodlarda çalışacaq mütəxəssislərlə bağlı çatışmazlıq var: "Yerli kadrların hazırlanması üçün təlimlər keçməyə başlamalıyıq. İnşa ediləcək müəssisələrdə ən azı 2 il xarici mütəxəssislər çalışacaq. Bu mütəxəssislər Türkiyə, İran və Hindistandan ola bilər. İşçilərin 80 %-i yerli vətəndaşlardan ibarət olacaq".

Bununla yanaşı, “Parla Pharmaceuticals”ın 2024-cü ildən “Made in Azerbaijan” brendi ilə dərman preparatlarının ixracına başlamağı planlaşdırır.

A. Nosrati diqqətə çatdırıb ki, şirkət Pakistan, Liviya, Yəmən, Peru, Salvador, Nikaraqua, Panama, İraq, Tacikistan, Gürcüstan kimi ölkələrə dərman ixrac etməyi nəzərdə tutub: “Artıq Pakistana ixrac ediləcək həmin ölkənin Səhiyyə Nazirliyi tərəfindən 2 dərmanın qeydiyyatı başa çatıb. Bu dərmanlar xərçəngin müalicəsi ilə bağlıdır. Amerika ölkələrinə isə diabet, boy hormonu çatışmazlığı, piylənmə və digər xroniki xəstəliklər üçün dərmanlar ixrac ediləcək. Mərkəzi və Cənubi Amerika ölkələrində estetik görünüşə önəm verildiyi üçün bu hormonal dərmanlara üstünlük verilib. Hazırda həmin dərmanların da müvafiq ölkələrdəki Səhiyyə Nazirliyi tərəfindən qeydiyyatı başlayıb. Tacikistan və Gürcüstan ilə də müqavilələrdə müəyyən irəliləyişlər var”.

"Hazırda Azərbaycanın qeyri-neft məhsullarının ixracının əksər hissəsini kənd təsərrüfatı məhsulları təşkil etsə də, şirkət 2035-ci ilə qədər bu sektor üzrə ən böyük ixracatçı olmağı hədəfləyib: “Azərbaycanda "Parla Pharmaceuticals”ın qeydiyyatdan keçmiş 44 dərman növündən artıq 28-i bazara daxil olub. İlin sonuna qədər digərlərinin də bazara çıxarılması nəzərdə tutulur. Ümumilikdə isə şirkət tərəfindən 400 dərmanın istehsalı planlaşdırılır ki, onların da qeydiyyatı mərhələli şəkildə həyata keçiriləcək”, - şirkət rəhbəri qeyd edib

Onun sözlərinə görə, indiyənədək şirkət ümumilikdə 20 milyon manat sərmayə yatırıb.

Qeyd edək ki, hazırda Azərbaycanda dərman vasitələrinin istehsalı ilə bağlı Pirallahı rayonu ərazisində Sənaye Parkında 4 rezident qeydiyyatdan keçib.