"Anglo Asian Mining" Azərbaycandakı layihələrdən əldə olunan gəliri üç dəfə artırıb
- 25 sentyabr, 2025
- 14:36

Böyük Britaniyanın "Anglo Asian Mining" (AAM) şirkətinin 2025-ci ilin birinci yarısında Azərbaycanda qızıl hasilatından əldə etdiyi gəlir 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,1 dəfə artaraq 40,9 milyon ABŞ dolları təşkil edib.
Bu barədə "Report" 2025-ci ilin ilk altı ayı üzrə Azərbaycandakı fəaliyyətinin aralıq nəticələrini dərc edən şirkətə istinadən xəbər verir.
AAM qeyd edir ki, gəlir artımı bütün emal müəssisələrinin dövr ərzində fasiləsiz işləməsi ilə bağlıdır və bu, daha yüksək istehsal həcmini və yüksək əmtəə qiymətlərini təmin edib.
Şirkətin 2025-ci ilin birinci yarısında vergiyə cəlb olunmadan əvvəlki mənfəəti 7,1 milyon ABŞ dolları olub (2024-cü ilin analoji dövründə 5,5 milyon ABŞ dolları olub). AAM-in nəzərdən keçirilən dövr üçün ümumi mənfəəti isə 13,8 milyon ABŞ dolları təşkil edib (bir il öncə 1,7 milyon dollar zərər olub).
2025-ci ilin birinci yarısında şirkətin maliyyə xərcləri daha yüksək borclanma xərcləri səbəbindən 2024-cü ilin eyni dövrü ilə müqayisədə 41,7 % artaraq 1,7 milyon ABŞ dolları olub.
İyunun sonuna olan vəziyyətə görə, AAM-in əməliyyat fəaliyyətindən əldə etdiyi xalis pul vəsaiti 11,4 milyon ABŞ dolları (3,6 dəfə artım) təşkil edib, əmtəə ehtiyatı isə bazar dəyəri təxminən 2,1 milyon ABŞ dolları olan 1 176 unsiya qızıl təşkil edib.
Hesabat dövründə şirkət mədən işlənməsi və emal gücünün genişləndirilməsinə 8 milyon ABŞ dolları (27 % artım) sərmayə qoyub.
2025-ci il iyunun sonuna AAM-in xalis borcu 13,1 milyon ABŞ dolları təşkil edib (31 dekabr 2024-cü il tarixinə 14,7 milyon dollar olub).
Şirkət 2025-ci il üçün aralıq dividendləri elan etməyib.
AAM həmçinin Azərbaycanda 2025-ci il üçün qiymətli metalların istehsalı proqnozlarına yenidən baxıb və bu barədə daha sonra məlumat verəcəyini açıqlyıb.
Xəbər verildiyi kimi, 2025-ci ilin birinci yarısında AAM 16,378 min unsiya qızıl ekvivalentində qiymətli metal çıxarıb (3,1 dəfə artım). Hesabat dövründə qızıl hasilatı 12,115 min unsiya (2,6 dəfə artım), gümüş hasilatı 62,354 min unsiya (4,9 dəfə artım), mis istehsalı isə 1,188 min ton (11,9 dəfə artım) təşkil edib.
Şirkət ilin birinci yarısında qlobal bazarlarda orta hesabla 3,077 min dollar/unsiya qiymətinə 9,781 min unsiya qızıl külçə (1,6 dəfə artım) satıb (2024-cü ilin yanvar-iyun aylarında şirkət qızıl külçələrini orta hesabla 2,174 min dollar/unsiya qiymətinə satıb).
AAM hazırda Azərbaycanda səkkiz müqavilə sahəsi üzrə işləmə hüququna malikdir, lakin hazırda yalnız iki müqavilə sahəsindən – "Gədəbəy" və "Qoşa"dan qiymətli metalların hasilatı ilə məşğuldur.
Müqavilədə "AzerGold" QSC tərəfindən təmsil olunan Azərbaycan 51 %, AAM isə 49 % paya malikdir.