Agentlik rəsmisi: "Neftçala Sənaye Məhəlləsi tam dolub"

Sənaye
  • 03 oktyabr, 2025
  • 11:25
Agentlik rəsmisi: Neftçala Sənaye Məhəlləsi tam dolub

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki Neftçala Sənaye Məhəlləsi tam dolub.

Bunu "Report"a açıqlamasında Agentliyin mətbuat katibi Elçin Kazımov bildirib.

O xatırladıb ki, Neftçala Sənaye Məhəlləsi ölkədə yaradılmış ilk sənaye məhəlləsidir: "Məhəllənin məhsul satışı və ixracı imkanları digərlərindən üstündür. Burada əsas fəaliyyət istiqamətləri kimi balıqçılıq, qida sənayesi, avtomobil, yem istehsalı və s. məhsulların istehsalı nəzərdə tutulub. Məhəllənin rezidentlər bu istiqamətdə fəaliyyət göstərirlər.

Neftçala Sənaye Məhəlləsində investisiya portfelinin dəyəri 63 milyon manatdan çox olan 6 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, bunlardan 5-i fəaliyyət göstərir. Sahibkarlar üçün Sənaye Məhəlləsində əlverişli investisiya mühiti formalaşdırılıb. Rezidentlər dövlət vəsaiti hesabına hazır infrastrukturla və hazır tiklilərlə təchiz ediliblər. Onların hamısı investisiya təşviqi sənədi əldə edib ki, bu da bir çox güzəştlərdən faydalanmağa imkan verir. Sahibkarlar Məhəlləyə 50 milyon manata yaxın investisiya yatırılıb, 300 nəfərdən çox daimi iş yeri yaradıb".

Agentlik rəsmisinin sözlərinə görə, Neftçala Sənaye Məhəlləsi ölkəmizdə investisiya mühitinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması ilə yanaşı, həmçinin qeyri-neft sənayesi məhsullarının istehsalının artırılmasında və ixracının genişləndirilməsində mühüm rol oynayır: "İndiyə qədər Məhəllənin rezidentləri 230 milyon manatlıq məhsul satıb, bunun da 1,8 milyon manatlıq hissəsi ixracın payına düşüb. Bu ilin I yarısında Məhəllədə 19 milyon manatlıq məhsul istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfə çoxdur. İstehsal edilən məhsullar daxili bazara satılmaqla yanaşı, "Made İn Azerbaijan" brendi adı altında İraqa, Türkmənistana, Özbəkistana, Qırğızıstana və s ölkələrə ixrac edilib. Əsasən balıq yemi və elektrod kimi məhsullar ixrac edilib".

Xatırladaq ki, Neftçala Sənaye Məhəlləsi Prezident İlham Əliyevin 2 fevral 2015-ci il tarixli sərəncamı ilə yaradılıb, 2017-ci ilin sentyabr ayından fəaliyyət göstərir, ərazisi 10 hektardır.

Son xəbərlər

Bütün Xəbər Lenti