"Xeyirxahlıq" adı altında satılan "uşaqlar" - Qanundankənar follikul donorluğu - ARAŞDIRMA

Sağlamlıq
  • 25 sentyabr, 2025
  • 10:58
Xeyirxahlıq adı altında satılan uşaqlar - Qanundankənar follikul donorluğu - ARAŞDIRMA

Son vaxtlar sosial şəbəkələrdə, müxtəlif özəl klinikaların follikul donorluğu (yumurta hüceyrəsi-red) haqqında elanları ən çox yayılan elanlar sırasında yer alıb.

"Donorluq" adı altında müxtəlif spekulyasiyalara yol verilir. Qanun boşluğunun, nəzarətin olmaması bu sahəni müxtəlif "işbazlar" üçün qazanc yerinə çevirib. Müəyyən məbləğlər müqabilində donorluq təklif olunur və narahatlıq doğuran hal ondan ibarətdir ki, bu proses qanunla tənzimlənmir.

Bu sahədə ixtisaslaşan mütəxəssislər bildirirlər ki, tibbi etikaya və insan hüquqlarına zidd olan bu halların nəzarətsiz qalması gələcəkdə daha böyük fəsadlara yol aça bilər. Follikul donorluq alverinin hətta açıq bazara çevrilidiyi, bunu edənlərin nə qanundan, nə də məsuliyyətdən çəkindikləri vurğulanır.

"200-700 manata follikul donoru axtarılır"... Bəzən sosial şəbəkələrdə belə başlıqlı elanlara rast gəlinir.

Follikul donorluğu tibdə, xüsusilə də reproduktiv sahədə (IVF – süni mayalanma) işlədilən anlayışdır. Başqa sözlə, bir qadının yumurtalıqlarından götürülmüş follikul/yumurta hüceyrələrinin donorluq məqsədilə istifadəsidir. Yəni uşaq sahibi ola bilməyən qadın üçün donor qadından alınan sağlam yumurta hüceyrələri süni mayalanmada işlədilir.

Belə donorluğun etik, psixoloji və hüquqi tərəfləri olduğu üçün onun tənzimlənməsi ölkədən-ölkəyə fərqlənir.

Azərbaycanda da bu məsələyə həm cəmiyyət, həm də dövlət tərəfindən kifayət qədər həssas yanaşılır. Buna görə də sosial şəbəkələrdə yayılan elanlardan yola çıxaraq mövzunu araşdırmağa çalışdıq.

İlk olaraq elə sosial şəbəkələrin özündə axtarışlar etdik. "Follikul donorluğu - Həm qazanc, həm xeyirxahlıq", "Sən də bir ailəyə ümid ol", "Donor ol, sən də bir ailəyə sevinc bəxş et" kimi saysız çağırışlara rast gəldik. Həmin elanların birinin altında qeyd edilən nömrəyə yazdıq. "Salam" sözündən az sonra belə bir hazır cavab gəldi; "Salam, 10 gün müddətində follikullarınız müalicə olunur və toplanılır. Əvəzində isə sizə ödəniş edilir".

Əlavə məlumatlar da almaq istədik. Öyrəndik ki, donor olmaq üçün xüsusi şərtlər də var - yaş həddi 18-30-dur, sağlam övlad sahibi olmaq lazımdır, çəki ən çox 80 kiloqram ola bilər, ana olduğun andan 9-10 ay keçməlidir, abort faktı varsa, bunun üzərindən 2,3 ay keçməlidir, qadın süd verirsə, südü kəsdikdən 3 ay sonra donor ola bilər və s.

Beləliklə, bu şərtlərə cavab verilirsə, ongünlük müalicə başlayır. 12-ci gün yetişmiş follikullar toplanılır. Dediklərinə görə, 10 dəqiqəlik bu proses ağrısız və qansızdır. Nə qədər çox follikul toplansa, donora ödəniş də bir o qədər artıq olur.

Məsələ ilə bağlı süni mayalanma ilə məşğul olan bir həkim köməkçisi ilə danışdıq. O da donor yumurta təşkil edə biləcəyini açıq-aşkar dedi: "Hüceyrələr donor bankından anonim şəkildə verilir. Siz sadəcə yaşınızı, qan qrupunuzu və uşaq üçün istədiyiniz rəngi (sarışın, əsmər) deyirsiniz. Qiymət 5000-6000 arasında dəyişir".

"Özümüz donor gətirə bilərikmi?", - soruşanda bunun da mümkünlüyünü, yalnız ananın razılığının lazım olduğunu qeyd etdi...

Mövzu ilə bağlı suallarımızı cavablandıran ginekoloq Təranə Həsənova məsələnin tibbi cəhətdən izahını və baş verə biləcək fəsadları izah etdi:

Təranə Həsənova

"Bildiyimə görə, Azərbaycanda süni mayalanma ilə məşğul olan yerlərdə qadınları donorluq üçün cəlb edirlər. Həmin donorlardan sağlam yumurta hüceyrə götürülür. Bunun qadın üçün bəzi fəsadları ola bilər. Məsələn, donora hormonal müalicə aparıla bilər. Həmçinin, köçürülən qadında da bir sıra problemlər yarana bilər. Ən başlıcası, süni mayalanmanın uğurla nəticələnməməsi də mümkündür. Adam var ki, 5 dəfə süni mayalanmaya müraciət edir və heç birində uğurlu olmur. Hər dəfə həmin qadına hormonal iynələr vurulur. Hormonal sistemdə ciddi pozulmalar baş verir. Bir sözlə, həm psixoloji, həm də fiziki olaraq bədən əməlli-başlı ziyan görür. Digər fəsad iltihab ola bilər. Hər şey nə qədər steril aparılsa belə, iltihab mümkündür. İltihab olarsa, heç də yaxşı olmayan nəticələr baş verir".

T.Həsənova dedi ki, bütün bunlar qanunla tənzimlənməlidir, çünki gələcəkdə belə doğulanlar evlənəndə yeni genetik xəstəliklər yaranacaq.

"Donorluq edən qadınlar pula görə öz yumurta hüceyrələrini satırlar. Məndə olan məlumata görə, bəzi qadınlar əslində nə etdiklərini bilmirlər. Onlar sadəcə belə qiymətləndirirlər ki, pul verib sağlamlıqlaını yoxlayırlar, çox maraqlı işdir. Həmin qadınların çoxuna nə baş verdiyi maraqlı deyil. Digər qisim isə şüurlu şəkildə nə işlə məşğul olduğunu bilir. Amma həmin qadınlar öz yumurta hüceyrəsini kimə satdığını, ondan mayalanan uşaqların kim olacağını bilmirlər. Həmin adamlar bilməlidirlər ki, öz genetikalarını satırlar. Gələcəkdə ondan yaranan uşaqlar biri-biri ilə evlənərsə, hansı fəlakətin yaranacağını düşünmürlər. Həmçinin, yeni genetik xəstəliklərin başlanğıcı qoyulacaq. Bu, təsəvvür edə bilməyəcəyimiz fəlakətə aparır".

Məsələnin Azərbaycandakı hüquqi tərəfini izah edən hüquqşünas Vüsal Cəfərov bildirdi ki, "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" Qanuna əsasən, "orqan donorluğu və transplantasiya" qanunçuluq, humanizm, könüllülük, həmrəylik, şəfqət və təmənnasızlıq prinsiplərinə əsaslanır:

Vüsal Cəfərov

"Qanunda canlı donordan və meyit donordan donor orqanlarının götürülməsi məsələsi tənzimlənib. Digər tibbi üsullarla və meyit donor orqanları vasitəsi ilə insan həyatının xilas edilməsi və ya sağlamlığının bərpası mümkün olmadıqda resipiyentə canlı donordan donor orqanların transplantasiyasına yol verilir".

Hüquqşünasın sözlərinə görə, Azərbaycanda donor orqanların alqı-satqısı və reklamı qadağandır:

"Follikul donorluğuna da bu prizmadan yanaşmaq lazımdır. Follikul donorluğunda məqsəd hamilə qala bilməyən qadına başqa bir qadın tərəfindən follikulyar donor olunmasıdır. Burada ülvi niyyət övlad sahibi ola bilməyən qadına köməklik göstərilməsidir. Bu zaman bu köməklik qanuni, humanizm, könüllülük, həmrəylik, şəfqət və təmənnasızlıq prinsiplərinin üzərində qurulmalı, heç bir şəkildə alqı-satqının predmeti olmamalı, bu barədə reklam xarakterli təşviqat aparılmamalıdır".

Deputat Məlahət İbrahimqızı isə "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsinin qəbul olunmadığını əsas gətirərək bu cür vacib mövzu barədə heç nə deyə bilməyəcəyini qeyd edib:

"Qanun layihəsi qəbul olunandan sonra bu məsələnin hüquqi bazası, tənzimlənməsi haqqında danışmaq olar. Layihə qəbul olunmadığına görə heç nə deyə bilmərəm".

Məlahət İbrahimqızı

Səhiyyə Nazirliyindən sorğumuza cavab olaraq bildirildi ki, hazırda Azərbaycanda follikul donorluğunu tənzimləyən xüsusi qanunvericilik mövcud deyil:

"Ölkədə orqan və toxumaların transplantasiyası ilə bağlı ümumi hüquqi çərçivə olsa da, bu normativ sənədlərdə follikul donorluğuna dair konkret müddəalar əksini tapmayıb".

Nazirlik prosesin hüquqi baxımdan qeyri-müəyyən vəziyyətdə olduğunu əsas gətirərək belə hallarla qarşılaşan şəxslərin mütləq şəkildə hüquqi məsləhət almasını tövsiyə edib.

Bəs follikul donorluğu ilə bağlı dünyada vəziyyət necədir?

İspaniya və Yunanıstan yumurta donorluğu üzrə lider ölkələrdəndir. Bu ölkələrdə donorluq anonimdir və donorlar pul qarşılığında bu işi görür. Fransa, Almaniya, İtaliyada daha sərt hüquqi çərçivə var. Şimal ölkələrində (Danimarka, İsveç və s.) etik baxımdan ciddi nəzarət var. ABŞ-də də belə donorluq geniş yayılıb və pul qarşılığında donor olmaq mümkündür. Donorun təhsili, irqi, xarakteri və s. baxımından ailələr istədiklərini seçə bilirlər. Anonimlik vacib deyil, lakin uşaqlar 18 yaşdan sonra donorla əlaqə saxlaya bilərlər. Kanada və Avstraliyada donorluq kommersiya məqsədli olmamalıdır, yalnız könüllülük əsasında aparılır. Uşaqların donor haqqında məlumat almaq hüququ qorunur.

Asiyada isə qaydalar daha ciddidir. Hindistan bir vaxtlar "surroqatlıq turizmi" ilə məşhur idi, lakin son illərdə qanunlar sərtləşib. Çin və Yaponiyada hüquqi məhdudiyyətlər çoxdur. İranda əsasən Yaxın Şərq və müsəlman ölkələrindən yumurta və sperma donorluğu qəbul edilir, lakin ciddi dini şərtlərlə. Türkiyə və Səudiyyə Ərəbistanında isə belə donorluq qadağandır. Yalnız cütlüyün öz hüceyrələri ilə IVF edilir.

Göründüyü kimi, follikul donorluğuna yanaşmalar müxtəlifdir. Azərbaycan da dünyada gedən proseslərdən kənarda deyil. Bununla belə, vəziyyətin nizama salınmasına, nəzarət tədbirlərinin gücləndirilməsinə ehtiyac var.

Son xəbərlər

Bütün Xəbər Lenti