TƏBİB: Bu ilin 9 ayında 70 milyona yaxın tibbi xidmət göstərilib
- 16 oktyabr, 2025
- 11:38

TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 2025-ci ilin ilk 9 ayı ərzində ümumilikdə 18 milyon 625 min 310 müraciət qeydə alınıb.
Bu barədə "Report"a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, müraciətlərdən 391 min 717-si stasionar, 18 milyon 233 min 593-ü ambulator olub. 2024-cü ilin eyni dövrü ilə müqayisədə müraciətlərin ümumi sayında 4 faiz artım qeydə alınıb.
Yanvar-sentyabr ayları ərzində göstərilən xidmət sayında ötən ilin eyni dövrü ilə müqayisədə artım müşahidə olunub. Belə ki, ay ərzində 68 milyon 583 min 58 tibbi xidmət göstərilib. Onlardan 8 milyon 783 min 837-si stasionar, 59 milyon 799 min 221-i ambulator olub. Tibb müəssisələrində göstərilən xidmətlərin ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 12 % artıb.
Yanvar-sentyabr ayları ərzində ərzində cərrahi əməliyyat və prosedurların sayı isə 278 min 222 (259 min 347 stasionar, 18 min 875 ambulator) olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əməliyyat və prosedurların sayında 2 % azalma qeydə alınıb.
Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə artım qeydə alınıb. Müvafiq dövr ərzində 28 milyon 914 min 799 sayda laborator müayinələr aparılıb ki, onların da 4 milyon 397 min 503-ü stasionar, 24 milyon 517 min 296-sı ambulator olub. Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayında 2024-cü illə müqayisədə 18 % artım qeydə alınıb.