Laçında könüllü qanvermə aksiyası keçirilib
- 06 noyabr, 2025
- 15:57
İşğaldan azad olunan ərazilərə "Böyük Qayıdış" Dövlət Proqramı çərçivəsində noyabrın 6-da Laçında könüllü qanvermə aksiyası keçirilib.
"Report" xəbər verir ki, tədbir Səhiyyə Nazirliyinin Respublika Qan Bankı və Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin birgə təşkilatçılığı ilə baş tutub.
Hemofiliya və talassemiyadan əziyyət çəkən şəxslərin qanla təminatına yardım məqsədilə təşkil olunan aksiyada Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Laçın Rayon Mərkəzi Xəstəxanasının, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aksiyada xüsusi tibb briqadasının həkimləri tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülüb.