Azərbaycanda uşaqlıq boynu xərçənginə qarşı peyvəndlənməyə dair sorğular keçirilməsinə başlanılıb
- 03 noyabr, 2025
- 13:43
Azərbaycanda uşaqlıq boynu xərçənginin qarşısının alınması məqsədilə insan papilloma virusuna (HPV) qarşı peyvəndin tətbiqinə dair əhali arasında sorğuların keçirilməsinə başlanılıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, məqsəd cəmiyyətin HPV-yə qarşı peyvəndlənməsinə hazırlıq səviyyəsinin öyrənilməsi və qiymətləndirilməsidir:
"Hazırda Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə insan papilloma virusuna qarşı peyvəndin tətbiqinə dair cəmiyyətin hazırlıq səviyyəsinin öyrənilməsi və qiymətləndirilməsi məqsədilə sorğuların keçirilməsi davam edir. Sorğuların nəticələrindən asılı olaraq peyvənd alınmasına, yaxud da əhali arasında HPV peyvəndinin qadınları uşaqlıq boynu xərçəngindən qorumaq üçün təhlükəsiz və effektiv olması barədə maarifləndirmə işlərinə başlanılacaq"
Qeyd edək ki, HPV geniş yayılmış və cinsi yolla yoluxan infeksiyanı törədən virusdur. Əsasən dəriyə və bədənin selikli hissələrinə (məsələn, ağız, boğaz, cinsiyyət orqanları) təsir edir. Müəyyən növləri genital (cinsi) nahiyədə, ziyillərin əmələ gəlməsi daxil olmaqla bir sıra sağlamlıq problemləri yarada bilər. Bəzi növləri isə daha təhlükəlidir - xərçəngə, xüsusilə uşaqlıq boynu xərçənginə səbəb ola bilər.