Əhliman Əmiraslanov: Rezidentura təhsilinin yeni əsasnaməsi hazırlanır

Sağlamlıq
  • 15 sentyabr, 2025
  • 12:42
Əhliman Əmiraslanov: Rezidentura təhsilinin yeni əsasnaməsi hazırlanır

Azərbaycanda tibb təhsilində rezidentura səviyyəsinin yeni əsasnaməsi hazırlanır. 

"Report" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bugünkü iclasında deyib. 

Onun sözlərinə görə, əvvəl yan ixtisaslar rezidenturada öz əksini tapmışdı:

"Kimsə onkoloq olmaq istəyirsə, cərrahiyyə ixtisasına qəbul olacaq. Bundan sonra hər hansı bir sahə üzrə yan ixtisas kimi bir müddət təhsilini davam etdirəcək. İxtisaslar müxtəlif ola bilər - onkoloq radioloq, döş qəfəsi, beyin üzrə onkoloq, qarın onkologiyası və s. Səhiyyə Nazirliyində bu istiqamətdə iş aparılır. Yeni sənəddə hökmən rezidentlərin maaşları ilə bağlı müddəa da öz əksini tapacaq. Həkimlərin maaşları qalxdıqca, rezidentlərin də maaşları artacaq".

Parlamentin Sosial siyasət şöbəsinin rəhbəri Adil Vəliyev isə əlavə edib ki, rezidentlərin maaşları hazırda 550-575 manat arasındadır və bu, onların dərəcəsinə görə dəyişir:

"Bu da ilk dəfə həkimlik fəaliyyətinə başlayanların maaşına bərabərdir. Belə ki, həmin həkimlərin maaşı da 550-700 manat arasındadır. 

Rezidentlərin illik maaşı isə son illərdə 5 600 manatdan 8 600 manata qaldırılıb".

Xatırladaq ki, 2011-ci ildən tibb təhsilində rezidentura səviyyəsi tətbiq edilir. 

Son xəbərlər

Bütün Xəbər Lenti