AQTA: Qəhvəyi mərmər bağacığının sayının artması ciddi iqtisadi risklər yarada bilər

Sağlamlıq
  • 10 oktyabr, 2025
  • 10:41
AQTA: Qəhvəyi mərmər bağacığının sayının artması ciddi iqtisadi risklər yarada bilər

Təhlillər göstərir ki, zərərvericinin qapalı məkanlarda çoxlu sayda toplanması populyasiyasının qorunub saxlanmasına və növbəti vegetasiya dövrlərində ciddi iqtisadi risklərin yaranmasına gətirib çıxara bilər.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Report"a verilən məlumata görə, bu barədə Balakəndə Regional Əlaqələndirmə Mərkəzinin Qəhvəyi mərmər bağacığı ilə bağlı növbəti iclasında müzakirə olunub.

Bildirilib ki, Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə kompleks tədbirlər davam etdirilir:

"Azərbaycana qonşu Gürcüstandan miqrasiya edən və şimal-qərb və qərb regionlarında kütləvi şəkildə aşkarlanan Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri gücləndirilib. Zərərvericinin qışlama yerlərinin aşkarlaması məqsədilə keçirilən monitorinqlərin intensivliyi artırılıb. Bununla yanaşı, yerli əhali və sahibkarlarla görüşlər keçirilir, onlara zərərvericinin yayılma yolları, iqtisadi zərərləri və mübarizə tədbirləri barədə təfsilatlı izahedici məlumatlar verilir. Maarifləndirici çap materialları yerli əhali arasında paylanır və müvafiq sahələrə yerləşdirilir. Eləcə də mediada məlumatlar yayımlanır, sosial şəbəkələrdə posterlər paylaşılır".

AQTA yaşayış sahələrində kimyəvi mübarizə tədbirlərinin aparılmasının insan sağlamlığı üçün yarada biləcəyi riskləri nəzərə alaraq, vətəndaşların mübarizə tədbirlərində yaxından iştiraka çağırıb:

"Bu səbəbdən sahibkarlar, fermerlər və sakinlər özləri evlərdə və təsərrüfat sahələrində aktiv müşahidə aparmalı, zərərvericini mexaniki üsullarla toplamaqla məhv etməlidir. Evlərdə, çardaqlarda, bağlara yaxın tikililərdə, eləcə də təsərrüfatlarda zərərverici ilə mübarizə tədbirləri həyata keçirilməli, mexaniki yolla (əl ilə toplayaraq məhv etmək) təmizləmə işləri aparılmalıdır".

Son xəbərlər

Bütün Xəbər Lenti