Xəzərin sahilində tapılan ölü suitilərin sayı 500-ə çatıb - Yenilənib

Region
  • 03 dekabr, 2025
  • 02:04
Xəzərin sahilində tapılan ölü suitilərin sayı 500-ə çatıb - Yenilənib

Xəzər dənizinin Dağıstan sahillərində aşkarlanan ölü suitilərin sayı artaraq 500-ə çatıb.

"Report" xəbər verir ki, bu barədə Dağıstanın Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, heyvanların cəsədləri respublikanın bir sıra rayonlarında tapılıb.

Qeyd olunub ki, nazirliyin mütəxəssisləri Mahaçqala, Karabudaxkənd, Kayakent və Dərbənd rayonlarının sahil zolağında araşdırma aparıblar. Nəticədə sahillərdə ölmüş 484 suitinin cəsədi tapılıb.

Heyvanların ölüm səbəbini müəyyən etmək üçün Dağıstanın Təbii Sərvətlər Nazirliyi müvafiq qurumlara müraciətlər göndərib. Sahil ərazilərində tədqiqatlar davam etdiriləcək.

Xəzər dənizinin sahilində 320-dən çox suiti cəsədi tapılıb.

Bu barədə "Report" "TASS"a istinadən xəbər verir.

"Sulak çayının mənsəbindən Terek çayına qədər 322 suiti cəsədi aşkar edilib", - deyən mənbə aşkar edilən ölü heyvanların sayının arta biləcəyini qeyd edib.

Bundan əvvəl Dağıstan Təbii Sərvətlər Nazirliyinin teleqram kanalı xəbər verib ki, nazirliyə suitilərin ölümü ilə bağlı xəbərlər daxil olmağa başlayıb. Nazirlik qeyd edib ki, mütəxəssislər sahil zolağında yerində araşdırmaya başlayıblar.

Nazirlik əlavə edib ki, Xəzər suitilərinin tələfi hər il məməlilərin miqrasiya dövründə baş verir. Alimlər hesab edirlər ki, bu hadisənin əsas səbəbi seysmik aktivliklə bağlı olan dəniz dibindən təbii qazın ayrıldığı ərazilərdən keçərkən heyvanların boğulmasıdır.

Xəzər suitisi və ya nerpası Xəzər dənizində yaşayan yeganə məməli heyvandır. 2008-ci ildə Beynəlxalq Təbiəti Mühafizə Birliyi onu təhlükə altında olan heyvanlar siyahısına daxil edib.

Qeyd edək ki, noyabrın əvvəlində Xəzərin Qazaxıstan sahillərində 200-ə yaxın Xəzər suitisinin cəsədi aşkar edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti