Ukraynanın energetika nazirinin sabiq birinci müavini saxlanılıb

Region
  • 02 dekabr, 2025
  • 13:38
Ukraynanın energetika nazirinin sabiq birinci müavini saxlanılıb

Kiyev şəhər prokurorluğu Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə birlikdə "Enerqoatom" dövlət müəssisəsinin birinci vitse-prezidenti vəzifəsinin sabiq müvəqqəti icraçısı və energetika nazirinin keçmiş birinci müavini Yuri Şeykonu saxlayıb.

"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə baş prokuror Ruslan Kravçenko məlumat verib.

O, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək xüsusilə külli miqdarda vəsaiti mənimsəməkdə ittiham olunur (Ukrayna Cinayət Məcəlləsinin 191-ci maddəsinin 5-ci hissəsi).

Söhbət nüvə zərərinə görə mülki məsuliyyətin icbari sığortası haqqında müqavilənin bağlanması zamanı yol verilən manipulyasiyalardan gedir.

İstintaqla müəyyən edilib ki, 2022-ci ildə nüvə təhlükəsizliyi ilə bağlı icbari sığorta müqaviləsinin rəsmiləşdirilməsi zamanı müqavilənin dəyəri qanunsuz olaraq şişirdilib və heç bir iqtisadi əsaslandırma olmadan 18 milyon qrivnadan çox (420 min dollardan artıq) artırılıb.

İstintaq zamanı həmçinin şirkətlər zənciri aşkar edilib. İddialara görə, bu şirkətlər Rusiyanın maliyyə sektoru və "RESO" holdinqi ilə əlaqələrə malikdir.

Son xəbərlər

Bütün Xəbər Lenti