Tbilisidə Zəfər Gününə həsr olunan tədbir keçirilib
- 06 noyabr, 2025
- 18:45
Tbilisidə Zəfər Gününün 5-ci ildönümü münasibətilə tədbir keçirilib.
"Report"un yerli bürosu xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə baş tutan tədbir Şota Rustaveli adına Dövlət Teatrında baş tutub.
Tədbirdə rəsmi şəxslər, diplomatik korpusun nümayəndələri, ictimaiyyət üzvləri və Gürcüstanda yaşayan azərbaycanlı icma nümayəndələri iştirak ediblər.
Qeyd olunub ki, məqsəd Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi qələbəni, qəhrəman şəhid və qazilərin xatirəsini anmaq, həmçinin Gürcüstandakı azərbaycanlı icma nümayəndələri arasında birlik və həmrəyliyi gücləndirməkdir.
Səfir Faiq Quliyev bildirib ki, bugünkü tədbir iki ölkənin xalqları arasındakı dostluq və həmrəyliyin bariz nümunəsidir:
"Bu Zəfər Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda canlarını fəda etmiş qəhrəmanların şərəfidir. Onların adları xalqın yaddaşına, tarixin qızıl səhifələrinə əbədi həkk olunub. Azərbaycan xalqının sarsılmaz birliyi bu Zəfərin əsas dayağı olub. Əldə edilən böyük qələbə Azərbaycan xalqının Ali Baş Komandan İlham Əliyevə olan inamının və etimadının təntənəsidir. Xalqımız həmin o tarixi günlərdə öz liderinin ətrafında sıx birləşdi, ona inandı və bu inam bizə tarixi Zəfəri qazandırdı".
Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov qeyd edib ki, Zəfər Günü ölkə üçün tarixi əhəmiyyət daşıyır:
"44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində Şuşa şəhəri və digər işğal altındakı ərazilər azad olunub. Uzun illər davam edən işğal dövründə Azərbaycan xalqı öz lideri Prezident İlham Əliyevə inamını itirmədən Vətən uğrunda birlik nümayiş etdirdi. Nəticədə bütün strateji ərazilər azad edilərək orada Azərbaycan bayrağı yüksəldildi".
Rəsmi hissədən sonra tədbir konsert proqramı ilə davam edib.