Tacikistan Mərkəzi Asiyada dostluq və əməkdaşlıq haqqında müqaviləyə qoşulub
- 28 avqust, 2025
- 17:16

Tacikistan XXI əsrdə Mərkəzi Asiyanın inkişafı naminə dostluq, mehriban qonşuluq və əməkdaşlıq haqqında Müqaviləyə qoşulub.
Bu barədə "Report" Tacikistan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.
Sənədi Tacikistan Prezidenti Emoməli Rəhmon Düşənbədə Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu ilə görüş zamanı imzalayıb.
Görüşdə tərəflər vurğulayıblar ki, sənədin hərtərəfli icrası üzrə birgə fəaliyyət bölgədə sülhün, sabitliyin və dayanıqlı inkişafın təmin olunmasına mühüm töhfə verəcək.
İki ölkə arasında siyasi, ticari-iqtisadi və mədəni-humanitar əməkdaşlıq məsələləri, həmçinin parlamentlərarası dialoqun inkişaf perspektivləri nəzərdən keçirilib. Bundan əlavə, Düşənbədə keçiriləcək MDB sammitinə və "Mərkəzi Asiya-Rusiya" formatında görüşə hazırlıq məsələləri də diqqət mərkəzində olub.
Xatırladaq ki, 2022-ci ildə Mərkəzi Asiya dövlət başçılarının Məsləhətçi görüşünün yekununda Qırğızıstan, Qazaxıstan və Özbəkistan prezidentləri dostluq və əməkdaşlıq haqqında müqavilə imzalayıblar.