Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb
- 13 oktyabr, 2025
- 12:19

Ermənistanın İstintaq Komitəsi "Taşir" Şirkətlər Qrupunun sahibi Samvel Karapetyana qarşı yeni ittiham irəli sürüb.
"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsindən bildirilib.
Daha əvvəl iş adamının vəkilləri bildirmişdilər ki, Karapetyana qarşı iqtisadi xarakterli yeni (üçüncü) ittiham irəli sürülüb. Bu, onun həbsdə saxlanıldığı iki aylıq müddətin bitməsinə az qalmış baş verib (əvvəlki həbs müddəti 18 oktyabr tarixinədək uzadılmışdı).
Beləliklə, ittiham tərəfi yenidən həbs müddətini uzatmaq niyyətindədir. İş adamının vəkili Aram Vardevanyan qeyd edib ki, söhbət iqtisadi xarakterli ittihamdan gedir, lakin onun mahiyyəti və təfərrüatları aydın deyil. İstintaq Komitəsindən bildirilib ki, Karapetyanın cinayət işinə ölkənin Cinayət Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinin 2 və 3-cü bəndləri (xüsusilə böyük məbləğdə çirkli pulların yuyulması – hakimiyyət və ya vəzifə səlahiyyətlərindən və ya onlarla bağlı təsirdən istifadə etməklə) əlavə edilib.