Kara-Murza və sabiq deputat terrorçular siyahısına daxil edilib - YENİLƏNİB
- 13 oktyabr, 2025
- 16:39

Rusiyada müxalif siyasətçi Vladimir Kara-Murza və Moskvanın keçmiş bələdiyyə deputatı İlya Yaşin terrorçu və ekstremistlər siyahısına daxil edilib.
"Report" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə "Rosfinmonitorinq" məlumat yayıb.
Qeyd edilib ki, 2024-cü ilin avqustunda hər iki şəxs məhbusların mübadiləsi çərçivəsində Rusiya Prezidenti Vladimir Putin tərəfindən əfv edilib və Rusiyanı tərk ediblər.
Rusiya Daxili İşlər Nazirliyi müxalifətçi Vladimir Kara-Murzanı yenidən axtarışa verib.
"Report" xəbər verir ki, onun adı qurumun axtarış bazasında yer alıb.
"O, Cinayət Məcəlləsinin maddəsi üzrə axtarılır", - məlumatda qeyd olunub.
Onun hansı maddə üzrə axtarışa verildiyi bildirilmir.
Xatırladaq ki, 2024-cü il avqustun 1-də müxalif siyasətçi Vladimir Kara-Murza Rusiya və Qərb ölkələri arasında ən böyük məhbus mübadiləsi çərçivəsində Rusiya həbsxanasından azad edilib.
Daha əvvəl dövlətə xəyanət və Rusiya ordusu haqqında yalan məlumatlar yaymaqda təqsirli bilinərək 25 il həbs cəzasına məhkum olunmuş Kara-Murza, azad edildikdən sonra əfv olunub və xaricə gedib. Bu, son illərdə ən böyük məhbus mübadilələrindən biri olub və Moskva ilə Qərb arasında davam edən gərginlik fonunda nadir diplomatik jest kimi qiymətləndirilib.