Qazaxıstan XİN nazir Murat Nurtleunun saxlanılması xəbərini təkzib edib - YENİLƏNİB

Region
  • 04 sentyabr, 2025
  • 14:35
Qazaxıstan XİN nazir Murat Nurtleunun saxlanılması xəbərini təkzib edib - YENİLƏNİB

Qazaxıstanın Xarici İşlər Nazirliyi (XİN) baş nazirin müavini, xarici işlər naziri Murat Nurtleunun guya saxlanılması ilə bağlı yayılan xəbəri təkzib edib.

"Report"un Qazaxıstan bürosunun məlumatına görə, bu barədə XİN-in rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib.

"Qazaxıstan Respublikasının xarici işlər nazirinin saxlanılması xəbəri həqiqətə uyğun deyil. Bunu jurnalist etikasının və ölkəmizin mövcud qanunvericiliyinin pozulması kimi qiymətləndiririk", - o qeyd edib.

Qazaxıstanın Dezinformasiya ilə Mübarizə Mərkəzi baş nazirin müavini, xarici işlər naziri Murat Nurtleunun saxlanılması barədə məlumatı təkzib edib.

Bu barədə "Report" qurumun sosial şəbəkələrdəki məlumatına istinadən xəbər verir.

"Qazaxıstan Respublikası Prezidenti yanında Mərkəzi Kommunikasiyalar Xidmətinin Dezinformasiya ilə Mübarizə Mərkəzi bildirir ki, Gülnar Bajkenovaya məxsus resurslarda ("Orda" və "Bajkenova vs.") Qazaxıstan Respublikasının xarici işlər naziri Murat Nurtleu və iş adamı Hacı Hacıyevin guya saxlanılması barədə yayılan məlumat həqiqətə uyğun deyil", - məlumatda bildirilib.

Qeyd edək ki, daha əvvəl bir sıra Qazaxıstan KİV-i xarici işlər nazirinin, bəzi digər yüksək vəzifəli məmurların və iş adamı Hacı Hacıyevin guya saxlanılması barədə məlumat yaymışdı.