Paşinyan: "Tramp marşrutu" Orta Dəhlizin vacib tərkib hissəsinə çevrilə bilər
- 10 dekabr, 2025
- 00:25
"Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) Orta Dəhlizin vacib tərkib hissəsinə çevrilə bilər.
"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu həmin ölkənin Baş naziri Nikol Paşinyan Berlində Almaniya Xarici Siyasət Şurasının panel iclasında bildirib.
"Tramp marşrutu" irimiqyaslı layihəsi Ermənistan və Türkiyə arasında kommunikasiyanın açılması ilə yanaşı, Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında maneəsiz rabitəni təmin etməklə Orta dəhlizin mühüm tərkib hissəsi olmaq üçün hər şansa malikdir", - o vurğulayıb və əlavə edib ki, təşəbbüs gələn ildən başlaya bilər.
Onun sözlərinə görə, bu layihə əlaqəni genişləndirəcək və bütün regiona iqtisadi fayda gətirəcək, Bakı ilə İrəvan arasında sülhün əldə edilməsində daha bir vacib amilə çevriləcək.
Paşinyan 8 avqustda Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanmış Ermənistan və Azərbaycan arasında birgə bəyannamənin, İrəvanın sənədin bütün şərtlərinə riayət etmək öhdəliyinin vacibliyini xatırladıb.
"Vaşinqtonda əldə edilən ən vacib nailiyyətlərdən biri Ermənistan və Azərbaycan arasında daxili, ikitərəfli və beynəlxalq nəqliyyat üçün səyahətlərin açılması barədə razılaşma olub", - Paşinyan deyib.